Küveytdən İrana xəbərdarlıq: Durra qaz yatağından gözünü çək!

11:40 05.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Küveyt İranın dəniz yatağı ilə bağlı görmək istədiyi “tədbirləri” rədd edərək, qazla zəngin Durra yatağına yalnız özünün və Səudiyyə Ərəbistanının sahib olduğunu bəyan edib.

Hafta.az-ın yazdığına görə, Küveytin neft naziri və baş nazirin müavini Saad əl-Barrak, “Əd-Durra” qaz yatağı Küveyt və Səudiyyə Ərəbistanının təbii sərvətidir. Dəniz sərhədlərinin demarkasiyası məsələsi həll olunmayana qədər heç bir digər tərəfin onun üzərində hər hansı hüququ yoxdur. İranın Durra yatağı ilə bağlı beynəlxalq münasibətlərin ən fundamental qaydalarına zidd olan iddiaları və niyyətləri bizi təəccübləndirdi” deyib.

Bu çərçivədə Küveyt Xarici İşlər Nazirliyinin adı açıqlanmayan rəsmisi İranı Küveyt və Səudiyyə Ərəbistanı ilə masa arxasına oturmağa və iki ölkə arasında dəniz sərhədinin müəyyən edilməsi üçün danışıqlara başlamağa çağırıb.

Küveyt tərəfinin bu açıqlamaalrı İran Milli Neft Şirkətinin sədri Möhsün Hokastenin iyunda “Mehr”ə verdiyi açıqlamalara cavab olaraq gəlib. “Mehr” Tehranın “Araş” adlandırdığı Durra Qaz Yatağında "qazma işlərinə başlamaq üçün bütün hazırlıqların görüldüyünü" vurğulayaraq, işlərin şərtlər hazır olduqdan sonra başlayacağını bildirib.

Səudiyyə Ərəbistanı və Küveyt 2022-ci ilin martında bir milyard kubfut gücü və sutkada 84 min barel kondensat olan Durra qaz yatağının işlənməsinə dair saziş imzalayıb.

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyidə təsdiqləyib ki, Durra yatağının yerləşdiyi dənizdə bölünmüş ərazinin təbii ehtiyatları tam olaraq Səudiyyə Ərəbistanı və Küveytə məxsusdur.

"Səudiyyə Ərəbistanı və Küveytin bu ərazinin resurslarından istifadə etmək üçün müstəsna suveren hüquqları var", - nazirlikdəki mənbə SPA-ya bildirib. 

Mənbə yenidən İran tərəfini beynəlxalq hüquqa uyğun olaraq bölünmüş dəniz zonasının şərq sərhədinin demarkasiyası ilə bağlı Krallıq və Küveytlə üçüncü tərəf olaraq danışıqlara başlamağa çağırıb.