“Leopard” tankını vuran əsgərə 1 milyon rubl verildi

10:16 21.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əvvəllər vəd edilən pul mükafatı Ukraynanın əks-hücumunda Almaniya istehsalı olan “Leopard” tankını vuran rus əsgərinə verilib.

Hafta.az-ın yazdığına görə, rus əsgər Andrey Kravtsov döyüş meydanında “Leopard” tankını məhv etdiyinə görə bir milyon rubl pul mükafatı alıb.

“Sibirin xeyrinə fondu”nun vəd etdiyi mükafatı Andrey Kravtsova yunan-Roma güləşi üzrə üçqat olimpiya çempionu, Novosibirsk vilayətindən olan senator Aleksandr Karelin təqdim edib.

Mükafatı verən fondun bəyanatında vurğulanıb ki, bu, dövlət tərəfindən ayrılandan əlavə, düşmənə ən çox maddi ziyan vuranlara əlavə ödənişdir və dövlət ödənişlərini əvəz edə bilməz. Senator Karelin əlavə edib ki, bu ödənişlər Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılaraq həyata keçirilib.

Qeyd edək ki, bu günə qədər 10 mindən çox rus əsgər düşmənin hərbi texnikasının məhvinə və ya ələ keçirilməsinə görə əlavə xüsusi ödənişlər alıb. Bu, rusların müharibəyə getməsini və döyüşməsini təşviq etmək üçün düşünülən proqramdır.

Təkcə bu il yanvarın 1-dən mayın 31-dək Ukraynanın 4415 hərbi texnikası məhv edilib. Bunun üçün 3193 rus əsgərə maaş verilib. Belə ödənişlər hərbi hissə komandirlərinin əmrləri əsasında həyata keçirilir və hərbi qulluqçuların şəxsi maliyyə hesablarına köçürülür.