Linç kampaniyaları müəllimi əlacsız duruma salıb - Elçin Mirzəbəyli

14:19 12.02.2026
Yazını böyüt
Yazını kiçilt

Ən böyük problem ünsiyyətin, dialoqun və etimadın sıradan çıxarılmasındadır"

Fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində bir məktəblinin odlu silahdan atəş açaraq müəllimini yaralaması faktı təkcə bir ailənin, bir insanın faciəsi deyil, bütövlükdə cəmiyyətin gələcəyinin atəşlənməsi kimi ölkənin gündəmini silkələdi. Bu hadisə kriminal olaydan çox, sosial-ictimai, psixoloji məqamlar müstəvisində ciddi, təxirəsalmaz yanaşmalar tələb edir.

Hafta.az-ın müsahibi Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəylidir:

- Bu hadisənin səbəbi, günahı, məsuliyyəti kimin üzərindədir: ailənin, məktəbin, şagirdin, yoxsa bütövlükdə cəmiyyətin?

- Hazırda baş vermiş hadisə ilə bağlı yalnız mediada yayımlanan məlumat və açıqlamalar, eləcə də bu və ya digər formada əldə etdiyimiz informasiyalar əsasında fikir yürüdə bilərik. Yeniyetmənin psixoloji problemlərinin olduğu, izlədiyi oxşarxarakterli cinayət hadisələrinin təşviq edildiyi videoməzmunların təsiri altında olduğu artıq hər kəsə bəllidir. Təbii ki, bütün qaranlıq məqamlara istintaq aydınlıq gətirəcək. Biz ötən zaman kəsiyində baş vermiş hadisə ilə bağlı müxtəlifmotivli maraqlardan, məktəbə, müəllimə qarşı körüklənən aqressiv böhtan və qarayaxma kampaniyalarından, fantastik ssenarilərdən danışsaq, bu, çox vaxt aparacaq. Prosesin idarəolunan tərəfinin mahiyyəti aydındır. Zənnimcə, baş verənlərin yaratdığı fonda, ilk növbədə, cəmiyyət olaraq, öz obrazımıza baxmalıyıq. Hazırda yaşadığımız ən böyük etnososial faciə ictimai məsuliyyətsizlikdir. Kütləvi şüur şəxsiyyət faktorunu sıradan çıxarmağa çalışır. Məktəbə, təhsilə, ziyalı düşüncəsinə və mövqeyinə qarşı amansız bir savaş var. Bizi bir millət olaraq, ayaqda saxlayan, milli identikliyimizi qoruyan dəyərlər var. Bu dəyərlər milli özünəməxsusluğumuzun – azərbaycanlılığımızın sütunlarıdır. Bu sütunları uçurduqca, “təpəgöz”lərin ayaqları altında qalacağıq. Biz azərbaycanlıları fərqləndirən ən böyük xüsusiyyətlərimizdən biri hətta düşmənimizə münasibətdə belə ədalətli və mərhəmətli olmağımızdır. Azərbaycanlılar onlara sığınan ən qatı düşmənlərinə belə süfrə və qucaq açıblar. İndi dünyasını dəyişən insanlara belə nifrət püskürürlər. Kütlə başa düşmək istəmir ki, onların dünyagörüşü ilə nəinki dövlət qurmaq, heç kiçik bir təsərrüfatı belə idarə etmək mümkün deyil. Sosial şəbəkələr, digər informasiya və kommunikasiya vasitələri milli mövcudluğumuza, identikliyimizə qənim kəsilən təhlükəli bir zümrə - “təpəgöz”lər “ordu”su formalaşdırıb. Bu ölkənin bütün düşünən insanları, ziyalıları, təhsili, məktəbi sosial şəbəkə terminatorlarının – terrorçularının hədəfindədir. Biz bu prosesi 1988-1993-cü illərdə qismən yaşamışıq. Kütlənin yaratdığı “qəhrəmanlar”ın sağlam düşüncə üzərində hökm sürdüyü zaman kəsiyini deyirəm. Kütlə ona doğru yol göstərən, ictimai maraqları düşünən bütün işıqlı adamları məhv etmək niyyətindədir. Hər kəs öz sınıq-saxaq “həqiqət”ini gerçəklik kimi ictimai rəyə sırımaq istəyir və belə bir mühitdə “boşluq”dan söz açmaq, zənnimcə, problemələrin səbəbini məchul bir ünvanda axtarmaqdan başqa bir şey deyil. Təfərrüatına varmayacağam, amma mahiyyətini hazırda açmaq istəmədiyim bir məqamla fikirlərimi yekunlaşdırmaq istəyirəm: Əgər baş verən faciədən kimlərsə öz maraqları üçün istifadə etməyə, gərgin fon yaratmağa çalışırlarsa, bu artıq mənəviyyatsızlığın dibinə varıldığının göstəricisidir. Əgər kimlərsə hər kəsi narahat edən bir hadisə zamanı təhlükəsizliyə görə məsuliyyət daşıyan təsisatları “sudan quru çıxarmağa” çalışırlarsa və bununla bağlı ikrah doğuran mülahizələr səsləndirilərsə, o zaman yaşadığımız real və virtual mühitin sağlam düşüncə üçün “edam kötüyü”nə çevrildiyini qəbul etməliyik.

Hazırda istintaq prosesi gedir deyə, detallı danışmaq istəmirəm. İstintaq başa çatanda hər şey aydın olacaq və biz baş verən hadisə ətrafında şou yaradanların da, yaranmış vəziyyətdən başqalarını hədəfə alanların da gerçək simasını daha aydın görəcəyik. Günahkarı istintaq və ədalət məhkəməsi müəyyənləşdirəcək. Məsələnin mənəvi suç tərəfi ilə bağlı isə, artıq fikirlərimi ifadə etdiyimi düşünürəm.

– Şagird-müəllim, məktəb–valideyn, məktəb–cəmiyyət üçbucağı niyə yarana bilmir və təhsildə münasibətlər sisteminin düzgün qurulmasına əks təsir göstərən səbəblər nədir?

– Ən böyük problem ünsiyyətin, dialoqun və etimadın sıradan çıxarılmasındadır. İnsanlar hələ də məktəbə onların övladlarını birtərəfli qaydada tərbiyələndirəcək, onlara təhsil verəcək sosial təsisat kimi yanaşırlar. SSRİ dönəmində məktəb ideoloji sistemin tərkib hissəsi idi və o, ilk növbədə sistemin ideologiyasının daşıyıcısı olan fərdlər yetişdirirdi. Bunun mənfi və ya müsbət tərəflərindən söz açmayacağam. Həmin dövrdə təlim-tərbiyə ilə bağlı məsuliyyətin əsas hissəsi təhsil müəssisəsi ilə yanaşı sistemin ideoloji maşınlarından birinin – məktəbin üzərində idi. Bu baxış bucağı indiyədək tam dəyişməyib.
Hazırda isə problem ondadır ki, valideynlərin əhəmiyyətli hissəsi övladlarının təlim-tərbiyə və təhsil prosesində iştirak etmir və yaxud etmək istəmirlər. Bütün prosesin məktəbin üzərində olduğunu düşünürlər. Dünyanın hər yerində valideynlər övladlarının təhsil və təlim-tərbiyə prosesində yaxından iştirak edir, məktəblə sıx əlaqədə olur, prosesə maddi-mənəvi dəstək verirlər. Bizdə isə hətta kifayət qədər maddi imkanı olan şəxslərin əhəmiyyətli hissəsi belə məktəbə nə maddi, nə də mənəvi yardım göstərmək istəmir. Təəssüf ki, cəmiyyətimizin bir hissəsi təhsilə, məktəbə, müəllimə heç bir fundamental əsası olmadan düşmən kəsilib.

Təhsilə qoyulan vəsait ən böyük yatırımdır. Əgər sən övladının gələcəkdə günün günorta çağı çıraqla axtarılan mütəxəssis olmağını arzulayırsansa onun təhsilinə həm maddi, həm də mənəvi investisiya qoymalısan. Söhbət uşağın repititor yanına aparılmasından, diplomlu işsizə çevrilməsindən getmir. Mənə uşağın gələcəyinə hesablanmış doğru-düzgün qurulmuş bir strategiyadan danışıram.

– Necə hesab edirsiniz, bir şagirdin dərs ləvazimatlarını daşıdığı çantada silah gəzdirməsi özlüyündə məktəbin təlim-tərbiyə işləri və təklükəsizliyi məsələsini nə dərəcədə aktuallaşdırır? Deməli, bu sahə üzrə çatışmayan nələrsə var...

– Hazırda məktəbin, müəllimin şagirdə təsir göstərmək üçün heç bir hüquqi imkanı yoxdur. Biz həm də linç kampaniyaları ilə məktəbi, müəllimi tamamilə əlacsız duruma salmışıq. Bu baxımdan qanunvericiliyə yenidən nəzər salınmasına ehtiyac var. Digər tərəfdən, hər kəs anlamalıdır ki, məktəbdə təhlükəsizliyi təhsil müəssisinin özü təşkil etmir. Bu məsələ ətrafında məqsədyönlü fikir formalaşdıran insanlar da günün birində faktların detallarına kimi ortaya çıxarıla biləcəyini unutmasınlar. Buna görə məktəbi hədəfə almaq, ən azı yanlış yanaşmadır. Görünür, təhlükəsizlik məsələləri ciddi şəkildə müzakirə olunmalı, giriş qapılarında müvafiq avadanlıqlar qurulmalı və bütün bunların təşkil edilməsi üçün hüquqi əsaslar yaradılmalıdır.

– “İdrak” liseyində baş verən hadisə məktəblərdə davranış qaydalarında, xüsusilə hansı məsələlərə diqqət yetirilməsini tələb edir?

– Problem ondadır ki, hazırda idarəçilik modelindən asılı olmayaraq, məktəblərin şagirdlərə hər hansı bir formada təsir göstərmək səlahiyyətləri yoxdur. Biz şagird və valideynlərin hüquqlarını ifrat dərəcədə qabartdıqca, baş verən istənilən neqativ hadisəyə görə məktəbi, təhsili hədəfə aldıqca cəzasızlıq mühiti daha da dərinləşir və belə bir vəziyyətdə şagirdə təsir göstərmək üçün heç bir hüquqi mexanizmi olmayan təhsil müəssisələrini tamamilə müdafiəsiz qoyuruq.
Bu yanaşma təhsil sistemində şagird hüquqları ilə məktəbin intizam səlahiyyətləri arasındakı hüquqi balansı kobud şəkildə pozur. Qənaətimə görə, mövcud qanunvericilik şagirdin hüquqlarını geniş şəkildə qorusa da, məktəbin və müəllimin təhlükəsiz, nizamlı və təlim üçün əlverişli mühit yaratmaq hüquqlarını aydın və tətbiq edilə bilən mexanizmlərlə təmin etmir.
Beynəlxalq təcrübə göstərir ki, inkişaf etmiş ölkələrdə şagird hüquqları yüksək səviyyədə qorunmaqla yanaşı, məktəblərin intizam və tərbiyə funksiyası da güclü hüquqi əsaslara malikdir. Bu baxımdan, hesab edirəm, ölkəmizdə də bu xüsusda bir sıra hüquqi və institusional dəyişikliklərin edilməsi məqsədəuyğundur.

Qənaətimə görə, ilk növbədə, məktəbin təhlükəsiz təhsil mühiti yaratmaq hüququ qanunvericilikdə imperativ şəkildə təsbit olunmalıdır. Yəni müvafiq qanunvericilik aktlarında qeyd olunmalıdır ki, məktəb yalnız təhsil verən deyil, həm də təhlükəsiz, nizamlı və psixoloji cəhətdən sağlam təhsil mühiti yaradan hüquqi subyektdir və bu məqsədlə şagird davranışına müdaxilə etmək səlahiyyətinə malikdir. Belə bir normanın tətbiqi məktəbin digər şagirdlərin hüquqlarının qorunması kimi hüququnu əsaslandıracaq. Eyni zamanda hesab edirəm ki, hər məktəbdə hüquqi qüvvəyə malik olan “Davranış kodeksi” hazırlanmalı və şagird, valideyn, məktəb rəhbərliyi tərəfindən imzalanmalıdır. Bu sənəddə pozuntu növləri, intizam tədbirləri və onların tətbiqi prosedurları, valideynlərin məsuliyyəti açıq şəkildə göstərilməlidir.
Məktəbə müəllimə hörmətsizlik, dərs prosesinin pozulması, aqressiv davranış, davamlı intizamsızlıq zamanı şagirdi 1-5 gün müddətinə dərsdən uzaqlaşdırmaq hüququ verilməlidir. Bu müddətdə şagirdin dərs materialları valideyn vasitəsilə təmin oluna bilər. Bu tədbir təhsil hüququnun pozulması kimi qiymətləndirilməməlidir.

– Necə hesab edirsiniz, bu gün tez-tez tənqidə məruz qalan müəllim statusunun azaldılması yaşanan bu ağır olayın baş verməsinə zəmin ola bilərmi, yaxud təsiri nədir?

– Təhsilin hədəfə alınması anti-təhsilin, elmsizliyin, cəhalətin, cinayət xarakterli davranışların önə çıxmasına zəmin yaradır. Bu kimi hallar təhlükəsizliklə yanaşı, başqa bir mühüm, bəlkə də təhsil sistemi üçün həyati əhəmiyyət kəsb edən məsələnin müzakirəyə çıxarılmasını zəruri edir.

– Silahlara nəzarətlə bağlı qanunvericiliyə dəyişikliklər və məsuliyyətin artırılması mümkündürmü və bu, belə haalların qarşısını alan addım ola bilərmi?

– Məlumata görə, silahını evində göz qabağında sərgiləyən valideyinin kolleksiyası zəngindir və düşünürəm ki, bu kimi məsələlərə həm hüquqi baza, həm də inzibati baxımdan daha ciddi yanaşmaq lazım gələcək.

– Deyilir ki, silah atanın olub. Bu hadisədə ata nə dərəcədə mənəvi, hüquqi məsuliyyət daşıyır, yaxud valideynin belə hadisəyə görə məsuliyyətini dərk etməsi üçün qanunla hansı addımlar atılmalıdır?

– Şübhəsiz ki, məsuliyyət daşıyır, həm də tam şəkildə! Düşünürəm, istintaq başa çatmamış bu məsələ ətrafında müzakirə açsaq, hüquqi baxımdan doğru deyildir.

Tahirə Qafarlı