Louis Vuitton çantası Moskvada 60 min dollara satılır

11:07 11.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Modelyer Virgil Abloh tərəfindən 2021-ci ildə dizayn edilmiş təyyarə formalı Louis Vuitton çantası Moskvanın məşhur ticarət mərkəzində TsUM-da 5,5 milyon rubl (təxminən 60 min dollar) qiymətinə satışa çıxarılıb.

Hafta.az-ın yazdığına görə, Ablohun dizaynı ilk dəfə çıxanda 39 min dollara satılıb və dizaynı ilə yanaşı yüksək qiyməti ilə də böyük səs-küyə səbəb olub.

Çanta TsUM-un yeni açılmış “TsUM Collect” bölməsində satılır. Bu bölmədə şəxslər öz lüks brend məhsullarını mağazaya gətirib satışa təqdim edə bilərlər. Məhsulların qiyməti TsUM mütəxəssisləri tərəfindən yoxlanıldıqdan sonra müəyyən edilir. TsUM-un satışdan aldığı komissiya məhsulun dəyərindən asılı olaraq 19 faizlə 30 faiz arasında dəyişir. Bu çanta üçün müəyyən edilmiş komissiya 19 faiz, yəni təxminən 1 milyon rubl təşkil edir.

Sosial şəbəkələrdə bəzi istifadəçilər bu çantanı 2021-ci ildə məşhur müğənni Filip Kirkorov tərəfindən 2,9 milyon rubla aldığını xatırladıblar. Kirkorov çantanı xaricdən aldığından o vaxt onun qiyməti müxtəlif mənbələrə görə 2,8-3 milyon rubl arasında dəyişirdi. Çantanın TSUM-da bu qədər baha qiymətə və bu qədər gecikmə ilə satışa çıxarılması bəzi şərhçilərin qınaq obyektinə çevrilib.