Son günlər sosial şəbəkələrdə karantin qaydaları ilə bağlı cərimə olunan vətəndaşların yumşaldılmalardan sonra bəzi cəzaları sildirə bilmələri ilə əlaqədar məlumatlar yayılır. Məlumata əsasən vətəndaş əgər açıq havada maska taxmadığına görə cərimə olunubmuşsa, indi bu cəriməni sildirə bilər.
Hafta.az-ın əməkdaşı yayılan söz-söhbətin doğruluq payını araşdırmaq məqsədi ilə üz tutdu mütəxəssisə.
Məsələ ilə bağlı saytımıza açıqlama verən vəkil Turan Abdullazadə bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsini n VIII bəndinə əsasən heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır.
Yəni, hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir:
“Konstitusiyamızın 149-cu maddəsinin VII bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir”.
Vəkilin sözlərinə görə, vətəndaş aşağıdakı hallarda cəriməsinin silinməsini xahiş edə bilər:
“Qeyd olunan normaların məzmununa görə əvvəllər inzibati xəta törətmiş şəxslərin əməli artıq inzibati xəta hesab olunmursa və həmin inzibati xəta ləğv olunmuşdursa, vətəndaş əməli yüngülləşdirən qanunun geriyə qüvvəsi əsası ilə protokol tərtib etmiş və cərimə yazmış orqana yazılı ərizə ilə müraciət edərək inzibati xəta haqqında protokolun ləğvi və cərimənin silinməsini xahiş edə bilər. Əgər müvafiq yerli icra hakimiyyəti orqanı inzibati xəta haqqında protokolu ləğv edib cəriməni silməzsə vətəndaşın inzibati xətanın baş verdiyi yer üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Vətəndaşlara məsləhət görülür ki, əvvəlcə cəriməni yazan orqana, daha sonra müvafiq məhkəməyə yazılı qaydada müraciət etsinlər. Bundan əlavə qeyd etmək istərdim ki, qanunvericiliyin tələbinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Yalnız vətəndaşın vəziyyətini yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi vardır. Məsələn, açıq havada maska cəriməsini qeyd olunan hallarla bağlı misal çəkmək olar. Artıq açıq havada maska cəriməsi ləğv olunduğu və qanunvericiliyə əsasən yüngülləşdirici qanunun geriyə qüvvəsi olduğu üçün vətəndaşın cərimənin silinməsi üçün müraciət edərək müsbət nəticə əldə etmək imkanları vardır”.