III MDB Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gələn altı ölkənin KİV nümayəndələri Şuşa - Xankəndi marşrutu üzrə yaddaqalan mediaturun iştirakçıları olublar.
Hafta.az xəbər verir ki, Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşada jurnalistlər onun zəngin tarixi-mədəni irsi və qədim şəhərin təkrarolunmaz ab-havası ilə tanış olublar. Mediaturun marşrutu Şuşanın Mərkəzi Meydanından başlayıb. Meydana yaxın ərazidə yerləşən əfsanəvi Xan qızı bulağı XIX əsrdə görkəmli şair Xurşidbanu Natəvan tərəfindən çəkilib. Xalq arasında "Xan qızının bulağı" adı şairin xeyirxah əməlini ehtiramla yaşadır.
Daha sonra jurnalistlər şəhərin ən tanınmış simvollarından biri olan Şuşa qalasının Gəncə qapılarını izləyə biliblər. Qarabağ xanı Pənahəli xan tərəfindən 1750-1752-ci illərdə inşa edilən qala vaxtilə üç əsas girişə - Gəncə, İrəvan və Ağoğlan qapılarına malik olub. Bu tarixi məkan bu gün dünyanın hər yerindən gələn qonaqların ən çox şəkil çəkdirdiyi yerlərdəndir.
Xüsusi diqqəti isə möhtəşəm memarlıq abidəsi - Yuxarı Gövhər ağa məscidi cəlb edib. Bu abidə Şuşanın mədəni irsinin mühüm parçasıdır.
Jurnalistlərdə unudulmaz təəssürat yaradan məkan isə Cıdır düzü olub. Daşaltı dərəsinin kənarında yerləşən bu məşhur məkan hər bir azərbaycanlı üçün rəmz, xarici qonaqlar üçün isə kəşf olub.
Növbəti dayanacaq Şuşadan dörd kilometr məsafədə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə, sıx meşənin içində yerləşən "İsa bulağı" istirahət kompleksi olub. Azərbaycan təbiətinin incisi sayılan bu bulağın suyu soyuq, saf və şəfalıdır. Burada qonaqlar üçün nahar təşkil olunduqdan sonra mediatur Xankəndidə davam edib.
Xankəndidə jurnalistlər Qarabağ Universitetini ziyarət ediblər və mühüm idman hadisəsinin şahidi olublar.
Məhz Xankəndi şəhər stadionunda, tamamilə yenilənmiş arenada, III MDB Oyunları çərçivəsində kamandan oxatma yarışları start götürüb. Bu, şəhərin azad olunmasından sonra qəbul etdiyi ilk beynəlxalq idman tədbiridir.
MDB ölkələrinin ən yaxşı oxatanları burada toplaşaraq III MDB Oyunlarının medalları uğrunda mübarizə aparırlar. Turnir oktyabrın 5-dək davam edəcək.