Prezident İlham Əliyev “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bu fərmanla tətbiqinə başlanılacaq media reyestri tətbiqi jurnalistlərin və media orqanlarının fəaliyyətində hansı üstünlükləri yarada biləcək?
Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev hafta.az-a açıqlamasında bildirib ki,
“Media reyestrinin aparılması ölkənin media sektorunun indikindən qat-qat artıq səviyyədə konkretləşməsi, aydınlaşması, media sektorunun əhatə dairəsinin müəyyənləşməsi, dövlətin dəstək siyasətinin daha da dəqiqləşməsinə öz təsirini göstərəcək. Vahid media reyestrinin tətbiq olunması media sektorunun saflaşmasına, peşəkar jurnalistikanın sərhədlərinin daha dəqiq müəyyənləşməsinə öz töhfəsini verəcək”.
A.Quliyev hesab edir ki, Azərbaycan mühitində peşəkar jurnalistikanın dəqiq müəyyənləşməsinə ehtiyac var. Onun fikrincə, son illərdə medianın ən pis təzahürləri olan “reket jurnalistika”, “şantaj, mənəvi terror” jurnalist adından sui-istifadə deyilən mənfi təzahürlər baş qaldırıb.
“Bunların qarşısının alınması inzibati vasitələrlə mümkün olmurdu. Eyni zamanda peşəkar jurnalistika artıq qanunlarla aydınlığa çıxaracaq. Peşəkar və yalançı jurnalistin kim olduğunu bunun əsasında müəyyənləşdirmək mümkün olacaq. Reyestr əsl jurnalistlərə əlavə imkanlar verəcək. Peşəkar jurnalistikanın ipoteka imkanlarından istifadə etməsinə imkan yaradacaq. Media sektorunun şəffaflanmasında mühüm rol oynayacaq. Bir sözlə, media reyestri ölkə mediasının inkişafında nəzərə çarpan mənzərəni açmalıdır”.
Olaylar qəzetinin baş redaktoru Yunus Oğuz hafta.az-a açıqlamasında Media Reyestrinin tətbiqini müsbət dəyərləndirib. Onun fikrincə, bu, Azərbaycanda jurnalistlərin sayını, fəaliyyətini müəyyən etməyə imkan verəcək.
“Yerindən duran deyir jurnalistəm, blogerəm. Əslində bu qanun əsl jurnalistlərin işləməsi üçün geniş imkanlar yaradacaq. Müəyyən olunacaq ki, Azərbaycanda nə qədər jurnalist var, nə qədəri reketdir, nə qədəri fəaliyyət göstərir, nə qədəri işləmir.
Belə məlumat aldım ki, Azərbaycanda 380 sayt var. Deyilənə görə, bunlardan 100-ü işləmir, 100-ü reketdir. Yerdə qalır 180 sayt. Deməli bu problem tənzimlənməlidir”.
Y.Oğuz mediada mövcud olan bu kimi reallıqlara əsaslanaraq hesab edir ki, media orqanları qeydiyyatdan keçəndən sonra onların nə işlə məşğul olduğu bəlli olacaq.
Baş redaktor hesab edir ki, bu yenilik mətbuat üzərində heç bir nəzarət yaratmır.
“Sadəcə olaraq qeydiyyatdan keçməlisən ki, görsünlər, jurnalistsən, ya yox.
Amma istəsən qediyyatdan keçmədən də jurnalist fəaliyəti ilə məşğul olacaqsan. Bu o demək deyil ki, sən ərizə versən sənə maddi yardım etməyəcəklər, yox. Sadəcə izləyəcəklər görüm, nə edirsən”.
Y.Oğuz Azərbaycanda 5 min mətbu orqanın qeydiyyatdan keçməsini biabırçılıq adlandırıb. Bildirib ki, Azərbaycanda 17 çap mətbuatı varsa, qalanları nə edir?
“Media reyestri buna da aydınlıq gətirəcək. Aləm qarışıb bir-birinə. Hamı özünə “jurnalsitəm” deyir. Görünən odur ki, Media Reyüstri media sistemində proseslərə köklü aydınlıq gətirəcək”.