Mediamızın son 1 ildə - TƏHLİL

12:59 22.07.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 147 il ötür. Düz, 147 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Bəs, görəsən, ötən bir il ərzində Azərbaycanda mətbuat sahəsində hansı mühüm hadisələr baş verib?

Mediada yeni “yol xəritə”si

 

Bu ildən Azərbaycan mətbuatının inkişafı yeni “yol xəritəsi”nin prinsiplərinə uyğun olaraq həyata keçirilir. Belə ki, cari ilin fevralında ölkə Prezidenti tərəfindən yeni “Media haqqında” Qanun qəbul olunub. “Media haqqında” Qanun Azərbaycan Respublikasında media sahəsində olan bütün ictimai münasibətlərin tənzimlənməsini özündə ehtiva edir. Bu, istər media subyektlərinin özünün bölgüsünü (onlayn, çap, audiovizual media) əhatə etməkdə, istərsə də informasiya agentliklərinin fəaliyyəti ilə bağlı normaları özündə ehtiva edir. Eyni zamanda, bütün jurnalistlərin hüquq və statusları bu qanunla əhatə olunub. Digər tərəfdən, bu qanun qəbul olunana qədər onlayn media ilə bağlı heç bir münasibətlər qanunvericiliklə tənzimlənmirdi. “Media haqqında” Qanun bu boşluğu aradan qaldırır. Onlayn media subyektlərinin hüquq və statusları qanunda öz əksini tapıb.

Qəzet kağızına ƏDV güzəşti

Bu il dövlətin medianın inkişafını stimullaşdıran addımlarından biri də qəzet kağızının ƏDV-dən azad edilməsi oldu. Xatırladaq ki, ölkə Prezidentinin Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunmuşdu. Bu il mayın 13-də Azərbaycan Respublikasının Baş nazirinin müvafiq Qərarı ilə ƏDV-dən azad edilən Azərbaycanda kütləvi informasiya məhsullarının siyahısı təsdiqləndi. Qeyd edək ki, kağız idxalının ƏDV-dən azad edilməsi çap mediasının səmərəli fəaliyyətinə əhəmiyyətli təsir göstərən amillərdən biridir. Son vaxtlar dünyada qiymət artımının həm də kağız məmulatlarına təsir etməsi daxili bazarda da müşahidə olunurdu. Bu güzəşt daxili bazarda həmin məhsulların qiymətlərinin ucuzlaşmasını stimullaşdırıb.

Jurnalistlər üçün güzəştli ipoteka imkanı

Bu ilin fevralın 8-də dövlət başçısı “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə” Fərmanına əsasən Media Reyestrinə daxil edilmiş və jurnalistika sahəsində müəyyən qədər staja malik olan jurnalistlərə, habelə gənc ailənin üzvü olan jurnalistlərə mənzil almaları üçün dövlət dəstəkli güzəştli ipoteka kreditindən yaralanmaq hüququ verilib. Fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Bundan əlavə, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də bu imkandan yararlana biləcəklər. Prosesə bu ilin sentyabrın sonlarından başlanılması gözlənilir.

Xatırladaq ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası tərəfindən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri müəyyən olunana qədər illik faiz dərəcəsi güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.

Ənənəvi çap mediası rəqəmsal platformada

Medianın İnkişafı Agentliyi bu ilin may ayında “E-köşk” qəzet və jurnalların elektron yayım platformasının ilkin təqdimatını edib. Qeyd edək ki, qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyaların nəzərə alınaraq hazırlanan “E-köşk” portalı rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi platformadır. Platformanın ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan etməsi, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmayaraq asanlıqla əldə edə bilmək imkanı yaratması nəzərdə tutulur. “E-köşk” portalı vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daima xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana biləcəklər.

Oxunma sayı 162
Media rubrikasından digər xəbərlər