Məhdudiyyətlər bir qədər də yumşaldılacaq - Deputat

18:05 03.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ötən gün ölkədə koronavirusa (COVID-19) yoluxma sayında kəskin artım müşahidə edildi. Belə ki, son sutkada Azərbaycanda koronavirus infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb, 3 385 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

Görünən odur ki, yoluxma sayı hər keçən gün bir qədər də artır. Bəs görəsən artan templə irəliləyən statistika ölkədə yeni məhtudiyyətlərin tətbiqinə səbəb ola bilərmi?

Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirdi ki, omikron ştammı pandemiyadan əvvəl mövcud olan kəskin respirator xəstəliklərindən heç də fərqlənmir. Buna görə də deputat qapanmaların tətbiqini güman etmir:

“Baxmayaraq ki, yoluxma sayı kəskin sürətdə artıb, ancaq qapanmaların olacağını hesab etmirəm. Omikron ştammı pandemiyadan əvvəl mövcud olan kəskin respirator xəstəliklərindən heç də fərqlənmir. Ona görə də yeni məhtudiyyətlərin olacağını düşünmürəm. Əvvəllər olduğu kimi indi də, payız-qış mövsümünə xas qrip və soyuqdəymə hədsiz yayılıb. O vaxtlar bu statistika publikaya verilmirdi, ancaq indi koronavirusla bağlı olaraq əhali bilgiləndirilir. Koronavirus  xalqın sağlamlığına, demoqrafiyaya ağır zərbə vuran ciddi xəstəlikdir. Ölkəmizdə isə əhalinin demək olar ki 60%-dən çoxu iki doza peyvənd olunub. Buna görə də immunitet var, mutasiyaya uğramış virus da insanlara ciddi mənfi təsirlər göstərmir”.

Hmçinin M.İbrahimqızı vəziyyət belə davam etdiyi təqdirdə yaxın zamanlarda mövcud məhtudiyyətlərin bir qədər də sadələşdiriləcəyini istisna etmir:

“Düşünmürəm ki, Operativ Qərargah qapanmalara yaxud digər kəskin məhtudiyyətlərə qərar versin. Əksinə, hesab edirəm ki, olan məhdudiyyətlər bir qədər də yumşaldılacaq. Artıq Danimarka və Norveçdə pandemiya ilə bağlı qoyulan bütün qadağalar aradan qaldırılır. Vacib olan tək bir şey var o da 2+1 doza peyvənddir. Qüvvətləndirici doza bizi belə xəstəliklərin yarada biləcəyi təhlükələrdən  tam olaraq qoruyur. Güman edirəm ki, yaxın aylarda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bütün dünyanı sevindirəcək xoş xəbərlər eşidəcəyik”.