ABŞ-ın Oklahoma ştatında hakim skamyadan yüzlərlə mesaj, o cümlədən 2 yaşlı uşağın ölümü ilə bağlı cinayət işində prokurorları ələ salan mesajlar göndərərkən tutulduqdan sonra istefa verib.
Hafta.az-ın yazdığına görə, hakim Traki Soderstrom məsələ ilə bağlı xüsusi məhkəmə iclasına üç gün qalmış istefa verməyə razılaşıb.
Hadisə ilə bağlı paylaşılan videoda Soderstrom 2023-cü ilin iyununda keçirilən məhkəmədə münsiflər heyətinin seçilməsi, açılış ifadələri və çıxışlar zamanı dəqiqələrlə mesajlaşdığı görülüb.
Soderstrom qətl məhkəməsi zamanı prokurorları ələ salmaq və onların baş şahidini yalançı adlandırmaq da daxil olmaqla 500-dən çox mesaj göndərib.
Yerli mediaya verdiyi istefa məktubunda Soderstrom “Konstitusiyanı ədalətli, qərəzsiz və effektiv şəkildə qoruyacağıma söz vermişəm. Mən bunu etdiyimə inanıram. Amma insan olduğum üçün mən də axsadım" deyib.
Hakim eyni zamanda Oklahoma Apellyasiya Məhkəməsinə təqdim etdiyi təklif olunan barışıq sazişi əsasında Oklahomada bir daha hakim vəzifəsini tutmamağa razılaşıb.
Oklahoma Ali Məhkəməsinin sədri araşdırma aparıldıqdan sonra Soderstromun vəzifəsindən uzaqlaşdırılmasını tövsiyə edib.