Məktəblərin açılmasıyla bağlı qaydaların təsdiqi gecikir - Ekspert

13:42 13.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Tədrisə hazır olsaq da, olmasaq da biz bu prosesə başlamalıyıq. Bu böyük çoxluğun arzusu idi. Çünki hər kəs deyirdi ki, distant təhsil ənənəvi tədrisi əvəz edə bilmir.

Bu fikirləri hafta.az-a Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, distant təhsil ali məktəblər üçün məqbul sayıla bilərdi, amma xüsusilə ibtidai təhsildə bu problemlər yaradırdı:

“Yəni, bu xəbər çoxdan gözlənilirdi ki, əyani təhsilə keçid bərpa olunsun. O ki qaldı təhsilin başlama müddətinin 1-2 həftə gecikdirilməsinə bu da mərhələli keçidlə bağlı olan məsələdir. Bilirsiniz ki, birdən-birə məktəbləri açmaq da doğru olmazdı.

Amma o demək deyil ki, biz məktəbləri açmaqla hər şey qaydasında gedəcək. Təhsil naziri də mətbuat konfransında bu məsələyə aydınlıq gətirərək bildirdi ki, ənənəvi təhsil davamlı olması epidemioloji vəziyyətdən asılı olacaq. Məktəbləri açırıqsa, ortada müəyyən qaydalar olmalıdır, lakin nədənsə, həmin qaydaların təsdiqi gecikir.

Yəqin ki, hökümətin təsdiqləyəcəyi qaydalarda bütün məsələlərə aydınlıq gətiriləcək.Ümumiyyətlə, biz yeni çağırışlara istəsək də, istəməsək də hazırlıqlı olmalıyıq. Sabah distant təhsilə də keçə bilərik, virtual məktəb layihəsinə də qayıda bilərik. Biz ənənəvi təhsilin dayanıqlı olmasını istəyiriksə, bunun əsası vaksinasiyadan keçir. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında birmənalı şəkildə qeyd olunurdu ki, əgər əhalinin 60-65 faizi vaksinasiya olunursa, bu risk faktorunun azalması deməkdir.

Bizdə bu göstəricinin 80 faizdən artıq olduğu bildirilir. Bu zaman sual yaranır ki, biz niyə 100 faizlik vaksinasiya əldə etməyə çalışırıq. İndi cəmiyyəti narahat edən bir sıra xəbərlər yayılır. Vaksin olunmayanların əməkhaqqı kəsiləcək, müəllimlər məktəbə buraxılmayacaqlar  və.s.

Bu kimi manşetlər insanları narahat edir. Axı, bizdə vaksinasiya könüllüdür, hökümət bu prosesi məcburiləşdirməyib. Razıyam ki, vaksinasiya ilə bağlı maarifləndirmə işi aparaq, amma onu hökm xarakterli çağırışlarla etməyək. Bu təhsilimizə başucalığı gətirən məsələ deyil.

Ümid edək ki, situasiya sabitləşəcək, əyani təhsil davam edəcək. Hamımız təhsilin keyfiyyətli olmasında maraqlıyıq və bu sahə dövlət üçün də prioritet məsələdir”.