Xəbər verildiyi kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqə proqramına start verib. Belə ki, iyulun 1-dən Qarabağ və digər işğaldan azad olunmuş rayonların bir sıra kəndlərinin bərpası ilə bağlı memarlıq müsabiqələri elan olunub.
Müsabiqə proqramının ilk mərhələsində təqdim olunan layihələrdə Ağdam rayonunun Sarıcanlı, Füzuli rayonunun Horadiz, Kəlbəcər rayonunun Zar, Laçın rayonunun Şəlvə və Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndlərində, həmçinin, Cəbrayıl rayonunun Xudafərin qəsəbəsində yaşayış məskənlərinin gələcək sosial, iqtisadi, texnoloji inkişafının həlledici istiqamətləri, milli memarlıq ənənələrinə bağlılıq və müasir həllərin mümkün inteqrasiyası, yüksək bədii-estetik görünüşün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır. Memarlar bu müsabiqə barədə nə düşünür?
Tanınmış memar, professor Elçin Əliyev hafta.az-a açıqlamasında müsabiqə ilə bağlı layihənin hazırlanması üçün verilən vaxtın çox qısa olduğunu deyib.
“ Müsabiqə iyulun 1-də elan olunub və müsabiqədə iştirak etmək istəyənlər 15 iyul tarixinədək qeydiyyatdan keçməlidir. Və layihələr iyulun 31-də təhvil verilməlidir. Bir kəndin salınmasında şəhərsalma institutları aylarla, illərlə işləyirlər. 1 aya bir kəndin layihəsini hazırlamaq mümkün deyil. Bir memar 1 otaqlı mənzilin layihəsini 3-5 aya işləyir. Bir kəndin layihəsini 1 aya hazırlamaq qeyri-mümkündür. Ona görə də mən təəssüf ki, iştirak eləmirəm”.
Tanınmış memar Elçin Əliyev kəndlərin bərpası ilə bağlı müsabiqəyə bu qədər az vaxtın verilməsini anlaya bilmədiyini deyib.
“Yaxşı olardı ki, bu müsabiqələrə 5-6 ay vaxt verilsin. Əslində bu müddət ərzində yeni kəndlərin qurulması ilə bağlı çox gözəl layihələr ortaya qoyula bilərdi. Eyni zamanda bu əksər memarların bu müsabiqəyə qatılması üçün geniş imkanlar yaradardı. Amma təəssüf ki, verilən müddətin keyfiyyətli belə bir işi ortaya qoymağa imkan yaratmadığı üçün müsabiqəyə qatılmayacam. Bir aya nəzərdə tutulan layihələrin nə dərəcədə aşağı keyfiyyətli layihələr olacağını indidən də söyləmək olar”-deyə E.Əliyev bildirib.