Mənəvi yüksəliş yaradan RAMAZAN – Tural İrfan

13:24 19.02.2026
Yazını böyüt
Yazını kiçilt

Ramazan ayında insan yalnız öz mənəvi aləmi ilə kifayətlənməməli, ictimai məsuliyyətini də dərindən dərk etməlidir"

Fevral ayının 19-da müsəlmanların müqəddəs Ramazan ayı başlayır. Dünya müsəlmanlarının Ramazan ayına münasibəti bu ayın mənəvi dərinliyinin nə dərəcədə anlaşılması və auditoriyanın səviyyəsinə görə dəyişir.

Hafta.az-ın müsahibi ilahiyyatçı Tural İrfandır.

- Ramazan ayının İslam dinində əsas mənəvi məqsədi nədir?

- Ramazan ayının əsas mənası və mahiyyəti insanın öz daxili aləmini yeniləməsindən ibarətdir. Bu ay bir növ mənəvi saflaşma mərhələsidir. İnsan il ərzində yaşadığı gərginlikləri, yol verdiyi nöqsan və günahları Ramazan vasitəsilə aradan qaldırmağa çalışır, ruhuna dinclik və yenilənmə qazandırır.

Ramazanın əsas məqsədi Allaha daha sıx bağlanmaq, Onun rizasını hər şeydən üstün tutmaqdır. Bu ayda insan bəşəri qayğılardan, gündəlik problemlərdən, kədər və sıxıntılardan uzaqlaşaraq Allaha təvəkkül etməyi öyrənir, hər şeyi Onun iradəsinə həvalə edir. Bu isə ruhun saflaşmasına, mənəvi dirçəlişə və daxili tarazlığın bərpasına xidmət edir.

Ramazan ayının şərtləri yalnız ac qalmaqdan ibarət deyil. Oruc, sadəcə, fiziki bir əməl deyil; o, həm də nəfsin tərbiyəsi, səbir, mərhəmət, bağışlama və mənəvi kamillik yoludur. Bu ay insanın həm zahirini, həm də batinini saflaşdırmağa yönəlmiş ilahi bir fürsətdir.

- Oruc ibadəti insanın daxili tərbiyəsinə necə təsir göstərir?

- Ramazan ayının bir çox şərtləri və mənəvi tələbləri vardır. Oruc yalnız ac qalmaqdan ibarət deyil; o, eyni zamanda digər ibadətlərə daha çox önəm verməyi, əxlaqi-mənəvi dəyərləri zənginləşdirməyi tələb edir. Bu ay insanın həm fərdi keyfiyyətlərini, həm də müsəlmana xas xüsusiyyətlərini inkişaf etdirməsi üçün mühüm fürsətdir.

Ramazan sosial münasibətlərin yenilənməsinə, insanlar arasında anlayış, yardımlaşma və həmrəylik ruhunun güclənməsinə xidmət edir. Bu baxımdan Ramazan ayı böyük tərbiyəvi əhəmiyyət daşıyır.

Həmçinin bu ay gənclər və gələcək nəsillər üçün örnək mühiti formalaşdırır. Uşaqlar böyüklərin ibadətini, davranışını və mənəvi həssaslığını müşahidə edərək onlardan ibrət götürürlər. Beləliklə, Ramazan ailə daxilində və cəmiyyətdə mənəvi dəyərlərin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır.

- Ramazan ayı fərdi ibadətdən əlavə ictimai məsuliyyət hissini necə gücləndirir?

- Ramazan ayında insan yalnız öz mənəvi aləmi ilə kifayətlənməməli, ictimai məsuliyyətini də dərindən dərk etməlidir. Bu ay fərdi ibadətlə yanaşı, cəmiyyət qarşısında öhdəlikləri xatırladır və insanı təkcə özünü deyil, bütövlükdə insanlığı düşünməyə sövq edir. Hər kəs bu dövrdə özündən soruşmalıdır: mən cəmiyyətə, dünyaya hansı xeyri və faydanı verə bilərəm?

Ramazanın ruhuna uyğun olaraq təşkil edilən iftar süfrələri, birgə qılınan namazlar, xüsusilə təravih namazları insanlar arasında birlik və həmrəylik duyğusunu gücləndirir. Ramazan bayramı isə münasibətlərin yenilənməsi, küsülülərin barışması və sosial bağların möhkəmlənməsi üçün mühüm fürsət yaradır.

Eyni zamanda fitrə zəkatının verilməsi imkansız insanlara maddi dəstək göstərilməsinə, cəmiyyətdə sosial ədalət və bərabərlik duyğusunun güclənməsinə xidmət edir.

- Bu ayda bağışlanma və tövbə anlayışı hansı məna daşıyır?

- Tövbə və bağışlanma anlayışı Ramazan ayında xüsusi və dərin məna kəsb edir. Ramazan digər aylardan seçilən, ilahi rəhmət və mərhəmətin daha geniş təcəlli etdiyi mübarək bir aydır. Qurani-Kərimdə bu ayın fəziləti xüsusi olaraq vurğulanır və Ramazanın digər aylardan üstün tutulduğu bildirilir. İnanca görə, bu ayda ilahi rəhmət qapıları bəndələrin üzünə açılır və bu, insan üçün böyük bir fürsət deməkdir.

Məhz buna görə də müsəlman üçün Ramazan tövbə, özünə dönüş və mənəvi saflaşma ayıdır. İnsan bu ayda keçmiş səhvlərini dərk edir, günahlarından peşmanlıq duyur və səmimi qəlbdən bağışlanma diləyir. Tövbə yalnız dil ilə deyil, niyyət və davranış dəyişikliyi ilə tamamlanmalıdır; yəni insan səhvlərini təkrarlamamaq əzmində olmalıdır.

Bu baxımdan Ramazan həm də ilahi kəlamın bəşəriyyətə bəxş edildiyi ay kimi böyük mənəvi dəyərə malikdir.

- Qurani-Kərimin nazil olmağa başlaması ilə Ramazan ayı arasında hansı əlaqə var?

- Ramazan ayı yalnız ibadət və mənəvi saflaşma ayı deyil, həm də ilahi vəhyin başlanğıcı ilə şərəflənmiş müqəddəs zamandır. Qurani-Kərimdə buyurulduğuna və tarixi mənbələrin təsdiqinə görə, Qurani-Kərimin nazil olması məhz Ramazan ayına təsadüf etmişdir. İslam ənənəsində qəbul edilir ki, bu nazilolma Qədr gecəsində baş vermişdir.

Rəvayətlərə əsasən, Qurani-Kərim ilk olaraq Ramazan ayında toplu şəkildə Məhəmməd peyğəmbərin qəlbinə vəhy edilmişdir. Daha sonra isə ayələr zamanın, şəraitin və cəmiyyətin tələblərinə uyğun olaraq, 23 il ərzində tədricən - ayə-ayə, surə-surə nazil olunmuşdur.

Yəni ilkin vəhyin başlanğıcı Ramazan ayına təsadüf etdiyi üçün belə qəbul edilir ki, Qurani-Kərim Ramazanda nazil olmuş və ya nazil olmağa başlamışdır. Bu isə Ramazan ayının mənəvi dəyərini daha da yüksəldir və onu ilahi kəlamla birbaşa bağlı müqəddəs zaman kimi təqdim edir.

- Qədr gecəsinin mahiyyəti və əhəmiyyəti nədən ibarətdir?

- Qədr gecəsi Ramazan ayının son ongünlüyünə daxil olan gecələrdən biridir. Onun dəqiq tarixi nə QuraniKərimdə, nə də digər dini mənbələrdə konkret şəkildə göstərilmişdir. Bunun da öz hikməti vardır: insanlar yalnız bir gecəyə deyil, Ramazanın son on gününün hamısına ciddi yanaşsın, ibadət və itaətdə səhlənkarlıq etməsinlər deyə bu tarix gizli saxlanılmışdır.

Qədr gecəsi – adı üzərində  göründüyü kimi – qədir-qiyməti uca olan bir gecədir. İslam inancına görə, bu gecə müqəddəratın təqdir olunduğu, ilahi mərhəmətin xüsusi təcəlli etdiyi mübarək zamandır. Quranı Kərimdə Qədr gecəsinə həsr olunmuş ayrıca bir surə mövcuddur və orada bu gecənin min aydan daha xeyirli olduğu bildirilir.

Necə ki, ilin on iki ayı içərisində Ramazan seçilmiş və fəzilətli aydır, Qədr gecəsi də Ramazanın daxilində seçilmiş, ən fəzilətli gecədir. Bu baxımdan Qədr gecəsi il boyu ibadətdə zəiflik göstərənlər üçün böyük bir fürsət sayılır. İnsan ilin digər aylarında arzulanan səviyyədə ibadət və itaəti yerinə yetirə bilməmişdirsə, heç olmasa, Ramazan ayında bu boşluğu doldurmağa çalışmalıdır. Ramazanda da buna tam nail ola bilməyənlər üçün Qədr gecəsi xüsusi bir imkandır ki, Allahla rabitəni gücləndirsin, dua və tövbə ilə Ona yaxınlaşsın.

Beləliklə, Qədr gecəsi yalnız təqvimdə bir tarix deyil, insanın mənəvi oyanışı, ilahi mərhəmətə yönəlişi və yeni bir başlanğıc üçün verilmiş böyük bir fürsətdir.

- Müasir dünyada sürətli həyat tərzi fonunda Ramazanın rolu necə dəyişir?

- Müasir dövrdə sürətli həyat tərzi keçirən, qloballaşan dünyanın ritminə uyğun yaşayan cəmiyyətlərdə bir çox sahələr kimi dini həyatın zahiri formalarında da müəyyən dəyişikliklər müşahidə oluna bilər. Texnologiyanın inkişafı, iş rejimlərinin fərqlənməsi, coğrafi və iqlim şəraitinin müxtəlifliyi insanların gündəlik həyatına təsir göstərdiyi kimi, oruc ibadətinin icrasında da bəzən çətinlik və ya əksinə, rahatlıq yarada bilər.

Bu dəyişən şərtlər Ramazanın mahiyyətini dəyişmir. Qurani-Kərimdə də vurğulandığı kimi, din insan üçün çətinlik deyil, asanlıq məqsədi daşıyır. İslam hüququnda ibadətlərin yerinə yetirilməsi zamanın və şəraitin xüsusiyyətləri nəzərə alınmaqla tənzimlənir. Zərurət hallarında mövcud olan güzəştlər, səfər və ya sağlamlıqla bağlı istisnalar bunun bariz nümunəsidir.

Qurani-Kərim son ilahi kitab olaraq bütün dövrləri və cəmiyyətləri əhatə edən ümumi prinsiplər ortaya qoyur. Dünyanın inkişafı, sosial və texnoloji dəyişikliklər nəzərə alınaraq insanlara çətinlik deyil, məsuliyyət və mənəvi kamillik yolu göstərilir.

Bu baxımdan, qloballaşan və sürətli həyat tərzi hökm sürən müasir dünyada da Ramazan ayının qeyd olunması və oruc ibadətinin icrası prinsip etibarilə heç bir maneə ilə üzləşmir. Əksinə, belə bir mühitdə Ramazan insan üçün daha çox daxili dayanacaq, mənəvi tarazlıq və ruhani sabitlik mənbəyinə çevrilir.

Tahirə Qafarlı