Mərakeşin şəhərlərində, xüsusilə əsas meydanlarında istər siyasət, istər incəsənət, istərsə də düşüncə sahəsində ad çıxarmış məşhur ictimai xadimlərin heykəllərinə rast gəlmək mümkün deyil.
Hafta.az-ın yazdığına görə, "İndependent" bunun dini-hüquqi motivlərlə, siyasi səbəblərlə, yoxsa estetik meyllə bağlı olduğunu araşdırıb. Qeyd olunur ki, əslində digər bu sahədə eyni vəziyyətin yaşandığı azsaylı ölkələrlə birlikdə Mərakeşdə də vaxtaşırı böyük meydanlarda tarixi şəxsiyyətlərin heykəllərinin və ya büstlərinin ucaldılmasına çağırışlar edilir.
Bəziləri bu heykəlləri düzəltmək üçün ümumi "istəksizliyə" meylli olsalar da, digərləri Mərakeşin böyük şəhərlərinin heykəlsiz meydanlarının estetik baxışdan və vizual cazibədən məhrum olduğunu düşünür.
Mərakeş şəhərlərində heykəllərin qoyulması məsələsi ilk dəfə 1961-ci ildə Kral V Məhəmmədin vəfatı zamanı qaldırılıb. O vaxt, Madaqaskar və Korsikaya sürgün edilməsi də daxil olmaqla, kral ailəsinin yaşadığı fədakarlıqları xatırlamaq üçün ölkə şəhərlərinin ən iri və izdihamlı meydanlarında möhtəşəm bir abidənin ucaldılması istənilib. Əlbəttə, mərhum Kral II Həsən də atasına abidə ucaltmaq fikri ilə razılaşıb. Amma təəssüf ki, o zamankı Mərakeş Alimlər Birliyi heykəllərin ucaldılmasını qadağan edən fətva verib. Buna görə də mərhum Kral II Həsən Alimlər İttifaqının qərarı ilə razılaşıb və heykəl ucaltmaq fikrindən əl çəkib.
Aradan illər ötüb, bu dəfə Rif bölgəsinin ispan müstəmləkəçiliyinə qarşı müqavimətini müdafiə etdiyinə görə çoxlarının “əmir” adlandırdığı mərakeşli mərhum müqavimət döyüşçüsü Məhəmməd bin Əbdülkərim əl-Xəttabinin heykəlinin ucaldılması ideyası irəli sürülüb. Daha konkret desək, Müqavimət və Qurtuluş Ordusu Veteranları Ali Komissiyasının sədri Ağadirdəki meydanların birində əl-Xəttabinin heykəli və ya abidəsinin ucaldılması arzusunu bildirib. Lakin bu da arzu olaraq qalıb.
Eyni aqibət Mərakeşin şimalında yerləşən Tanjer şəhərinin keçmiş meri şəhər meydanlarından birində iki heykəl ucaltmaq istədiyini elan edəndə də yaranıb. Bu heykəllərdən birincisi məşhur səyyah İbn Battuta, ikincisi isə yunan mifologiyasında adı Tanjerdəki mağaraya verilən Herkules üçün idi.
Mərakeşli sənətşünas Fuad Züveyrik Mərakeş meydanlarında heykəllərin olmamasını bəzi din alimlərinin tarixi şəxsiyyətlərin abidələrinin qoyulmasına mane olan fətvaları ilə əlaqələndirib.
Tarixi simvolların və şəxsiyyətlərin heykəllərinin meydanları bəzədiyi bir çox İslam ölkələrinin əksinə olaraq, onları fətvalara görə Mərakeşdə görmək olmur. Halbuki heykəllər turistlərin və ziyarətçilərin qarşısında bir xarakter və ya tarixi bir dövrün estetik təsviri vasitəsi kimi ucalır.
Züveyrik hesab edib ki, bəzi fəqihlərin iddiasının əksinə, müasir heykəllərin bütlərlə heç bir əlaqəsi yoxdur. "Bunlar xalqların tarix və sivilizasiyalarından əldə edilən xalis bədii şah əsərlər, turistlərin marağını təmin edən, onlara xüsusi tarixi məlumatlara diqqət yetirməyə imkan verən və ya kəşfiyyat və araşdırmalara qapı açan bədii, vizual və mədəni alətlərdir", - Zuveyrik bildirib.
Zuveyrikin fikrincə, mərakeşli ekspert orqanlarının İslam hüquqşünaslarının fətvasına yenidən baxmasının vaxtı çatıb.
İslamşünaslıq üzrə tədqiqatçı Məhəmməd Əbdülvəhhab Rəfiki sənətşünas Zuveyrikin Mərakeş meydanlarında tanınmış və ictimai xadimlərin heykəllərinin olmamasının səbəbləri ilə bağlı fikirləri ilə həmfikirdir.
Refiki deyib ki, bəzi İslam hüquqşünasları tarixi və ya məşhur şəxslərin heykəllərini ucaltmağı bu insanları bütləşdirmək kimi yozurlar və buna görə də heykəl düzəltməyi haram hesab edirlər.
Refiki diqqətə çatdırıb ki, ümumiyyətlə, ənənəvi fiqh alimləri, yəni İslam hüquqşünasları, əsasən həmfikirdirlər ki, oyma və heykəllər düzəltmək, eləcə də onları meydanlarda ucaltmaq bir növ insanı yaradan Allaha təqliddir. Bu, əsasən nə üçün görkəmli tarixi şəxsiyyətlərin heykəllərinin olmaması sualına cavab verir.
Estetik və vizual mühəndislik tədqiqatçısı Murad Benhayun, Mərakeşin böyük şəhərlərinin bəzi məkanlarında heyvan heykəlləri və fiqurlarının olduğunu nəzərə alaraq, əvvəlki fikirlərlə razılaşmadığını bildirib.“Əsas problem haram olsaydı, bu heykəllərin qoyulmasına qətiyyən icazə verilməzdi”, - deyə Benhayun bildirib.
Benhayun əlavə edib ki, "bu, əsasən, şəhərlərin işlərinin idarə edilməsinə cavabdeh olanların bu cür heykəllərin indiki və gələcək nəsillər üçün əhəmiyyətinə inandırmaq üçün kifayət qədər estetik görmə qabiliyyətinə malik olmamasıdır".
Qeyd edək ki, Mərakeş meydanlarında mərakeşli olmayan şəxsiyyətlər və fiqurlar üçün heykəllər, o cümlədən at heykəli var. Məsələn, paytaxt Rabatda “2-ci Cuba”nın heykəli var. Bundan əlavə, Rabatdakı Müasir İncəsənət Muzeyinin qapısında seneqallı heykəltəraş Osman Sov tərəfindən hazırlanmış Masai tayfalarından olan döyüşçünün heykəli qonaqları qarşılayır.