Mərkəzi Asiyada ən böyük sərhəd mübahisəsi həll olunur

10:08 08.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Onilliklərdir sərhəddə münaqişə yaşayan Qırğızıstan və Tacikistan dəfələrlə münaqişələrə səbəb olan problemin yekun həllinə yaxınlaşıb.

Hafta.az-ın “Xovar” Xəbər Agentliyinə istinadən yazdığına görə, iki ölkə arasında sərhəd xəttinin 90 faizi ilə bağlı razılığa gəlib. Bildirilib ki, sərhədin 3,71 kilometrlik hissəsi ilə bağlı hər iki ölkənin topoqrafları və hüquq ekspertləri əl sıxıblar.

İki ölkə arasında əldə olunan razılaşma xəbəri Qırğızıstanın xarici işlər naziri Canbek Kulubayevin Düşənbədə Tacikistan lideri Emoməli Rəhmanla görüşü zamanı yayılıb.

Onilliklər ərzində iki ölkə arasında sərhəd xəttində problemlər yaşanıb ki, bu 2021 və 2022-ci illərdə silahlı münaqişəyə çevrilib. 2022-ci ilin sentyabrında baş verən qarşıdurmalarda mülki vətəndaşlar da daxil olmaqla ən azı 400 nəfər həyatını itirib.

Münaqişələrdən sonra iki ölkə arasında sərhədlər bağlanarkən və rəsmi ticarət sıfıra enərkən, bölgədəki qaçaqmalçılar fəaliyyətlərini davam etdirdilər.

İki Mərkəzi Asiya ölkəsi arasında sərhəd probleminin tam həlli istiqamətində səylər 2023-cü ildə sürətlənib.

Tacikistan prezidenti Emoməli Rəhman, tərəflərin məsələ ilə bağlı səylərini yüksək qiymətləndirərkən, sərhəd xəttinin 196 kilometrlik hissəsi ilə bağlı son 4 ayda razılığa gəldiklərini bildirib.

Qırğızıstanın xarici işlər naziri Kulubayev açıqlamasında sərhəd probleminin həllinin ölkələr arasında əməkdaşlığı intensivləşdirəcəyini vurğulayıb.

Sərhəd xətti ilə bağlı mübahisə Qırğızıstan-Tacikistan münasibətlərində həllini gözləyən problemlərdən yalnız biridir. əlumdur ki, iki ölkənin hakimiyyət orqanları sərhəd xəttindən keçən su ehtiyatlarından istifadəyə dair də danışıqlar aparır.

Qırğızıstanla Tacikistan arasında sərhəd mübahisəsi ilə yanaşı, Qırğızıstanın digər qonşusu Özbəkistanla da sərhəd problemi var.

Fərqanə vadisində gərginləşən qarşıdurma ilə əlaqədar Qırğızıstan ərazisi sayılan rayonlarda Özbəkistanın tabeliyində olan bəzi qəsəbələr var.