Məşhur iranlı rejissor Daryuş Mehrcuyi və onunla evli olan tanınmış aktrisa Vahidə Məhəmmədifəri bıçaqlayaraq öldürən qatilin həbs olunduğu açıqlanıb.
Hafta.az-ın "Tesnim" Xəbər Agentliyinə istinadən yazdığına görə, Polis İdarəsinin sözçüsü Səid Muntazer əl-Mehdi məsələ ilə bağlı açıqlama verib. Mehdi həftəsonu həyat yoldaşı ilə birlikdə bıçaqlanaraq öldürülən rejissor Daryuş Mehrcuyinin "əsl qatili"nin həbs olunduğunu bildirib.
Polisin qətllə bağlı başlatdığı istintaq zamanı nəzarətə alınanlar arasında olan şəxsin də hadisənin faili olduğunun təsdiqləndiyini bildirən İran rəsmisi, "Bu qətlin ortaqlarının və gizli tərəflərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir" deyib.
Xatırladaq ki, İran kinosunun aparıcı rejissorlarından olan 83 yaşlı Daryuş Mehrcuyi və həyat yoldaşı Vahidə Məhəmmədifər oktyabrın 14-ü axşam saatlarında paytaxt Tehran yaxınlığındakı evlərində ölü tapılıb. Qətllə bağlı başlanan araşdırmalarda hadisə ilə əlaqəsi olmaqda şübhəli bilinən 10 nəfərin nəzarətə alındığı bildirilib.
Hadisədən sonra başda İranın mədəniyyət və irşad naziri Məhəmməd Mehdi İsmaili və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan olmaqla İran rəsmiləri tərəfindən başsağlığı mesajları yayılıb.
Gəncliyində ABŞ-da təhsil alan, daha sonra 5 il Fransada yaşayan Daryuş Mehrcui 1969-cu ildə bir kəndlinin inəyinə olan sevgisindən bəhs edən "The Cow" filmi ilə ölkə daxilində və beynəlxalq səviyyədə şöhrət qazanmışdı.
Vahidə Məhəmmədifər “Ana qonağı”, “Santuri”, “Sevgili səma”, “Narıncı paltar”, “Geri qayıtdın, sevindim” kimi bir çox filmin ssenarisini yazıb. O, eyni zamanda rejissor köməkçisi vəzifəsini də icra edir. Vahidə həm də şairədir.