Misirdə rus turisti öldürən köpəkbalığı mumiyalanaraq muzeydə sərgilənəcək

13:45 14.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misir Milli Okeanoqrafiya və Balıqçılıq İnstitutunun rəhbəri professor Amr Zakaria Hamouda keçən həftə Rusiya vətəndaşını öldürən köpəkbalığını mumiyalayacaqlarını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Hamouda bildirib ki, mumiyalanmış yırtıcı Hurqadadakı Dəniz Biologiyası Muzeyində sərgilənəcək.

Misirli professor bildirib ki, institut heyvanı sərbəst buraxmazdan əvvəl müayinə və hətta müalicə etməyi planlaşdırırdı, lakin sonradan qərar dəyişdirilib.

Qeyd edək ki, Misirdə Rusiya vətəndaşını öldürən köpəkbalığına insanlar tərəfindən amansızcasına əzab verilib. 

Qərarın niyə dəyişdirilməsi açıqlanmasa da, Misir mediası heyvanın yaralı halda ələ keçirildiyini, lakin o zaman sağ olduğunu yazıb. Lakin sosial şəbəkələrdə yayılan videolarda köpəkbalığının sahilə çıxarılan balıqçı dəstəsi tərəfindən döyüldüyü görülüb. Heyvanın balıqçılar tərəfindən öldürülüb-öldürülmədiyi məlum deyil.

Hamouda çərşənbə axşamı araşdırma qrupunun köpəkbalığı üzərində işi başa çatdırdığını və heyvanın insana niyə hücum etdiyinə dair nəticələrinin daha sonra xüsusi mətbuat konfransında açıqlanacağını söyləyib.

Alimlər bu cür köpəkbalıqlarının adətən insanlarla qidalanmadığını və sözügedən köpəkbalığının bəzi “xarici amillər” səbəbindən davranışını dəyişdiyini irəli sürürlər.

Xatırladaq ki, iyunun 8-də Qırmızı dənizin sahil şəhəri olan Hurqada yaxınlığında dənizdə üzən 23 yaşlı Rusiya vətəndaşı köpəkbalığı tərəfindən öldürülüb.