Moldova Rusiya səfirliyinin işçilərinin ixtisarını tələb edəcək

11:00 22.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moldova hakimiyyəti hər iki ölkənin diplomatlarının sayında paritet əldə etmək üçün Moskvadan Kişinyovdakı səfirliyinin işçilərini ixtisar etməyi tələb edəcək.

Hafta.az-ın yazdığına görə, bunu “Exclusiv” telekanalının efirində Moldovanın hakim “Hərəkət və Həmrəylik” (PAS) partiyasından olan deputat Adrian Kaptonar deyib.

“Əvvəllər elə adamlar var idi, bu yükləyicilər hər gün Moskvaya gedib 8 min dollar və ya avro ilə gəlirdilər. Məsələn, “Şor”un (qaçaq oliqarx, qadağan olunmuş rusiyayönlü “Şor” Partiyasının lideri – V.T.) Moskvadan maliyyələşir, Kremlin Moldova Respublikasının demokratik proseslərinə müdaxiləsi prosesinə rəhbərlik edir”, - deyə o bildirib.

Kaptonarın sözlərinə görə, Moldova diplomatik missiyanın işçilərinin ixtisarına dair qərar barədə Rusiyanı məlumatlandıracaq və bu qərarda diplomatların ölkəni tərk etməli olduğu son tarix göstəriləcək.

"Layiqli, ədalətli bir vaxt olsun, məsələn, elə bir vaxt ki, kimin gedib, kimin qalacağına özləri qərar versinlər. Bundan sonra əvvəlcədən elan olunmuş konkret tarixdə qərar qüvvəyə minəcək", - deputat izah edib.

Bununla belə, o, belə bir qərarın nə vaxt veriləcəyi barədə konkret tarixlər deyə bilməsə də, Moldova Xarici İşlər Nazirliyinin artıq bunun üzərində işlədiyini bildirib.

Qeyd edək ki, Rusiyanın Moldovadakı səfirliyində hazırda 150-yə yaxın işçi çalışır. O cümlədən 40 diplomat, eyni sayda texniki işçi, qalanları isə ailə üzvləridir. Hansı ki, Moldovanın Moskvada cəmi altı diplomatı var.

Xatırladaq ki, Moldovanın Konstitusiya Məhkəməsi iyunun 19-da Rusiyayönlü “Şor” Partiyasının fəaliyyətini konstitusiyaya zidd hesab edib.