"İdrak" liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə keçirilən ilk məhkəmə hazırlıq iclası təxirə salınıb.
Hafta.az xəbər verir ki, buna səbəb təqsirləndirilən yeniyetmənin müdafiəçisinin prosesdə iştirak etməməsi olub. Vəkil olmasa da, təqsirləndirilən şagirdin valideynləri məhkəməyə gəlib. Qanuni nümayəndə qismində şagirdin anası Z.Şirinova tanınıb. Sədrlik edən hakim həm yeniyetməyə, həm qanuni nümayəndəyə bütün hüquq və vəzifələrini izah edib. Vəkil iştirak etmədiyindən iclas 17 iyuna kimi başqa tarixə salınıb.
Məhkəmə prosesindən sonra təqsirləndirilən yeniyetmənin valideynləri ilk dəfə olaraq açıqlama veriblər. Şagirdin atası Samir Şirinovun sözlərinə görə, oğlunun belə bir hadisə törədəcəyi heç vaxt ağıllarına gəlməzdi:
"Ondan heç vaxt belə bir hərəkət gözləməzdik. Üç övladım var, onlardan ikisi ali təhsil alır. Bu da dərslərində uğurlu idi, təhsilini ingilis dilində alırdı. Müəllimi ilə arasında prinsipial münasibət olması, əvvəlcədən ona qarşı kin bəsləməsi və digər deyilənlər yalandır. Hadisə gözlənilmədən baş verib. Hamımız şokdayıq. İndi də hər şey məhkəmə araşdırmasının nəticəsindən asılıdır".
Samir Şirinov cinayət işinin istintaqı çərçivəsində özünün də ifadə verdiyini təsdiqləyib:
"Bəli, mən də prokurorluqda dindirilmişəm. Hazırda hadisədə istifadə olunan silahın necə saxlanılması və digər hallarla bağlı araşdırmalar davam edir. Görək necə olacaq".
Yeniyetmənin anası Z.Şirinova həyat yoldaşı kimi oğlunun sakit, tərbiyəli və ağıllı uşaq olduğunu deyib. Ana övladı barədə danışarkən göz yaşlarını saxlaya bilməyib, sadəcə ailənin baş verənlərdən dərin sarsıntı keçirdiyini əlavə edib.
12:18
Müəllimi güllələyən şagirdin məhkəməsi BAŞLADI
Bakıda "İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hafta.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Prosesdə təqsirləndirilən şəxsin vəkili və zərərçəkən iştirak etmədiyinə görə iclas iyunun 17-nə təxirə salınıb.
Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub./apa/