Müharibə hansı məhsulları bahalaşdırıb? - Azər Badamov

12:31 02.04.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İran müharibəsinin uzanması dünyada yeni iqtisadi böhran təhdidini yaradıb. Hörmüz boğazı ətrafındakı qeyri-müəyyən vəziyyət nəticəsində neft sürətlə bahalaşır. İlk baxışda neft ixracatçısı olan Azərbaycan üçün əlavə gəlirlər demək olsa da, lakin ölkəmiz qlobal iqtisadiyyatın bir parçasıdır. Neftin bahalaşmasının yaradacağı inflyasiya dalğası ölkəmizə də təsirsiz ötüşmür.

Hafta.az-ın müsahibi Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamovdur:

– İran–ABŞ müharibəsinin uzanması qlobal enerji qiymətlərinə necə təsir göstərir və bu, Azərbaycanda inflyasiyanı hansı mexanizmlərlə artırır?

– İran–ABŞ müharibəsinin uzanması qlobal enerji bazarlarında şok effekti yaradıb. İranın nəzarəti altında olan Hörmüz boğazı qlobal neft tədarükünün təxminən 20 faizinin, mayeləşdirilmiş təbii qazın (LNG) isə 25 faizinin ixrac olunduğu mühüm marşrutdur. Müharibə başlayan gündən həmin boğazda məhdudiyyətlər yaranıb. Eyni zamanda, İran özü də dünya bazarında neft və qaz ixrac edən əsas ölkələrdən biridir. Bu baxımdan, həm İranın ixrac imkanlarının məhdudlaşması, həm də Hörmüz boğazında yaranan risklər qlobal bazarlarda neft və qaz qiymətlərinin kəskin artmasına səbəb olub. Müharibə davam etdikcə qiymət artımının davam edəcəyi gözlənilir. Enerji qiymətlərindəki bahalaşma beynəlxalq daşımalar və istehsal proseslərinə təsir göstərərək ümumi qiymət səviyyəsini artırıb. Nəticədə, qlobal inflyasiyanın artım tempi də sürətlənib.

– Qlobal bahalaşmanın – ərzaq, logistika, enerji – Azərbaycana idxal inflyasiyası şəklində təsiri necə izah oluna bilər?

– Azərbaycan iqtisadiyyatı tam şəkildə özünü təmin etmir və müəyyən dərəcədə idxaldan asılıdır. Bu baxımdan, idxal olunan malların qiymətlərinin artması daxili bazarda da həmin məhsulların bahalaşmasına səbəb olur. Bu isə iqtisadiyyatda idxal inflyasiyası risklərini artırır.

– Azərbaycan enerji ixracatçısı olduğu halda niyə yenə də inflyasiya riski ilə üzləşir?

– Enerji qiymətlərinin artması ölkəni idxal inflyasiyası risklərindən tam qorumaq demək deyil. Düzdür, enerji qiymətlərinin yüksəlməsi dövlət büdcəsinin gəlirlərinin artmasına müsbət təsir göstərir. Digər tərəfdən inflyasiyanın artması bazarda malların bahalaşmasına səbəb olur və hökuməti qabaqlayıcı tədbirlər görməyə məcbur edir. Bu baxımdan enerji daşıyıcılarının qiymətlərinin artmasının həm müsbət, həm də mənfi təsirləri qaçılmazdır.

– İranla bağlı müharibənin davam etməsi Azərbaycanda hansı məhsul və xidmətlərin qiymətlərinə daha çox təsir edə bilər?

– İranla bağlı hərbi gərginliyin və ya müharibənin davam etməsi Azərbaycan iqtisadiyyatına birbaşa və dolayı yollarla təsir göstərə bilər. Xüsusilə aşağıdakı məhsul və xidmətlərin qiymətlərində artım ehtimalı daha yüksəkdir: İran Azərbaycana bəzi kənd təsərrüfatı məhsulları ixrac edir. Logistika zəncirlərində pozuntular yaranarsa, meyvə-tərəvəz və quru ərzaq məhsullarının qiymətləri arta bilər. İran sement, keramika, daş və digər tikinti materiallarının mühüm təchizatçılarından biridir, bu da tikinti materiallarının bahalaşmasına səbəb ola bilər. İran Şimal–Cənub nəqliyyat dəhlizi üzərində yerləşdiyindən, bu marşrut üzrə nəqliyyat və logistika xidmətlərinin qiymətlərinin artması mümkündür. Bu artım elektotexnika və məişət avadanlıqlarının qiymətlərinə də təsir göstərə bilər. Enerji qiymətlərinin bahalaşması təyyarə kerosininin qiymətini də artırır ki, bu da aviabiletlərin bahalaşmasına və turizm sektorunda müəyyən azalmalara səbəb ola bilər.

– Bu cür xarici iqtisadi şokların qarşısını almaq üçün Azərbaycan hansı iqtisadi siyasət alətlərindən istifadə edə bilər?

– Azərbaycan iqtisadiyyatı idarə olunan iqtisadiyyatdır. Hökumət bazarlarda mütəmadi monitorinqlər aparır və inflyasiya risklərini qiymətləndirir. Qiymət artımları və inflyasiya riskləri əvvəllər də müşahidə olunub və bu hallar əhalinin sosial vəziyyətinə təsirsiz ötüşmür. Bu səbəbdən ölkədə mütəmadi olaraq sosial paket proqramları icra olunur. Bu günə qədər həyata keçirilmiş 5 sosial paket proqramı təxminən 4 milyon insanı əhatə etmiş və maliyyə yükü 8 milyard manata yaxın olmuşdur. Əgər qlobal inflyasiyanın idxalı artsa və qiymət artımları uzunmüddətli xarakter alsa, hökumətin yeni sosial paketlər həyata keçirəcəyi gözlənilir. Çünki dövlət siyasətinin əsasını vətəndaşların sosial rifahı təşkil edir.

– Müharibə nəticəsində neft gəlirlərinin artması inflyasiyanı kompensasiya edə bilərmi, yoxsa əks təsir yarada bilər?

– Qlobal bazarlarda enerji qiymətlərinin artımının davametmə müddəti birbaşa olaraq İranda müharibənin nə qədər davam etməsindən asılıdır. Əgər müharibə dayandırılarsa, enerji təchizat zəncirləri bərpa olunacaq və qiymətlərin əvvəlki səviyyəyə qayıtmaq ehtimalı artacaq. Bu baxımdan, hazırkı qiymət artımlarını müvəqqəti hal kimi qiymətləndirmək olar. Bu proses uzunmüddətli xarakter alarsa və qiymətlər müəyyən səviyyədə sabitləşərsə, enerji gəlirlərindən əldə olunan vəsaitlərin istifadəsi daha geniş şəkildə planlaşdırıla bilər. Hazırda isə əlavə gəlirlər Azərbaycan Dövlət Neft Fondunda toplanır və dövlət ehtiyatlarının artırılmasına yönəldilir. Eyni zamanda, Azərbaycan işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı genişmiqyaslı proqramlar həyata keçirir. Bu layihələr, əsasən, dövlət büdcəsi hesabına maliyyələşdirilir. Enerji gəlirlərinin artması ilk növbədə Böyük Qayıdış prosesinin sürətlənməsinə töhfə verə bilər. Digər tərəfdən, bu gəlirlər vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönəldilə bilər. Əgər enerji gəlirlərinin artımı uzunmüddətli olarsa, ölkədə yeni sosial paketlərin icrasına başlanılması mümkündür ki, bu da əhalinin gəlirlərinin artmasına birbaşa təsir göstərəcək.