İnformasiya təhlükəsizliyi və dezinformasiya bu mərhələdə ən real risklərdəndir”
İrana qarşı həyata keçirilən raket hücumları və bölgədə alovlanan müharibə dünya səviyyəsində geosiyasi, geoiqtisadi və sosial-psixoloji-mədəni sistemdə ciddi gərginlik yaradır. Belə bir gərginlik fonunda İranla qonşu ölkələr, o cümlədən Azərbaycan üçün təsirlərin necə olacağı mövzusunda fərqli fikirlər mövcuddur.
Politoloq Rəşad Bayramov Hafta.az-a müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirib.
- İran-ABŞ-İran-ABŞ qarşıdurmasının açıq müharibə mərhələsinə keçməsi ehtimalını və bunun Cənubi Qafqaz üçün doğura biləcəyi təhlükəsizlik risklərini necə qiymətləndirirsiniz?
- Belə bir ehtimal əslində mövcuddur, lakin hazırkı şəraitdə qismən məhduddur. Buna baxmayaraq, yanlış hesablamalar və ya hər hansı provokasiya ssenarisində münaqişənin genişlənməsi riski mövcuddur. Yəni, İran tərəfindən endirilən zərbələrin mülki obyektlərə düşməsi, başqa ölkələrin və ya qeyri-dövlət silahlı qrupların əməliyyatlara müdaxiləsi, terror hücumları və s. halında münaqişənin genişlənməsi qaçılmaz ola bilər. Cənubi Qafqaz baxımından isə təhlükələr daha çox dolayı xarakter daşıyır. Region enerji və nəqliyyat marşrutları baxımından strateji əhəmiyyət daşıyır. Hərbi eskalasiya nəticəsində regional iqtisadi və enerji təhlükəsizliyinə təzyiq, hava və dəniz nəqliyyatında gərginlik, eləcə də diplomatik risklərin artması mümkün ola bilər.
- Belə bir ssenaridə Azərbaycan üçün risklər daha çox birbaşa xarakter daşıya bilər, yoxsa dolayı təsirlər üstünlük təşkil edər?
- Hazırda daha çox dolayı təsirlər üstünlük təşkil edir. Azərbaycan münaqişəyə birbaşa qoşulmaq mövqeyində deyil və hərbi qarşıdurma sahəsi Azərbaycan sərhədlərinə yaxın deyil. Lakin enerji tranzitinin pozulması, regional iqtisadi əlaqələrdə gərginlik, diplomatik təzyiqlər və ən əsası da müharibənin uzanacağı halda qaçqın axını kimi dolayı təsirlər önə çıxır. Bununla belə, hərbi insidentlərin təsadüfi yayılması və ya sərhəd bölgələrindəki qarşıdurmalar birbaşa riskləri artırmaq potensialına malikdir, amma hazırda prioritet dolayı təsirlərin izlənməsidir.
- Mümkün miqrasiya dalğası fonunda sərhəd təhlükəsizliyi və radikal qrupların sızma ehtimalı nə dərəcədə realdır?
- Miqrasiya riskləri region üçün reallıqdır, xüsusilə İrandan qaçqın axını müşahidə olunarsa. Azərbaycan sərhəd infrastrukturu və monitorinq sistemləri baxımından kifayət qədər hazırlıqlıdır, lakin böyük miqrasiya dalğası logistika və humanitar çətinliklər yarada bilər. Radikal qrupların sızma ehtimalı isə aşağı səviyyədə olsa da mövcuddur. Odur ki, sərhəd istiqamətində sıx monitorinq və əməliyyat koordinasiyası tələb olunur. Təcrübə göstərir ki, qaçqın axını həm humanitar, həm də təhlükəsizlik baxımından potensial risk mənbəyi ola bilər.
-Regional güclər arasında artan gərginlik Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursuna hansı formada təsir göstərə bilər?
- Gərginliyin artması Azərbaycanın strateji manevr imkanlarını məhdudlaşdırır. Bakı, ABŞ, Rusiya, İran və Avropa ölkələri ilə əlaqələrini balanslaşdırılmış siyasət çərçivəsində qurub. Gərginlik artdıqca bu balansı qorumaq çətinləşir. Odur ki, Azərbaycan ehtiyatlı diplomatiya yürütməklə regional sabitliyi qorumağa, enerjini tranzit kimi istifadə edərək strateji rolunu gücləndirməyə çalışmalıdır. Bununla yanaşı, diplomatik platformalarda aktiv iştirak və çoxtərəfli dialoq mexanizmlərini ön planda saxlamaq da olduqca vacibdir.
-Müharibə şəraitində informasiya təhlükəsizliyi və dezinformasiya kampaniyalarının genişlənməsi ehtimalını necə dəyərləndirirsiniz?
-İnformasiya təhlükəsizliyi və dezinformasiya bu mərhələdə ən real risklərdəndir. Hər iki tərəf media və sosial şəbəkələr vasitəsilə narahatlıq yarada, həm daxili, həm də regional ictimai rəyə təsir göstərə bilər. Azərbaycan üçün bu, həm daxili təhlükəsizlik, həm də beynəlxalq imic baxımından əhəmiyyətlidir. Rəsmi kommunikasiya kanallarının gücləndirilməsi, media savadlılığının artırılması və kiber-monitorinq bu riskləri minimuma endirə bilər.
Tahirə Qafarlı