Bu səhər İstanbul İl Jandarma Narkotik Cinayətləri Şöbəsi qrupları Beykoz Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan narkotik istintaqının bir hissəsi olaraq eyni vaxtda əməliyyat keçirib. İncəsənət və əyləncə dünyasından doqquz tanınmış şəxs tutularaq nəzarətə alınıb.
Hafta.az yazır ki, saxlanılanlar arasında Simgə Sağın, İbrahim Çelikkol, Mələk Mosso, Deha Bilimlər, Mustafa Ceceli, Ersay Ünər, Bengü Erdən, Z. Aslı Sipahi Hacısüleymanoğlu və İlkay Şencan var. Şübhəlilərin evlərində və ünvanlarında aparılan axtarışlar zamanı rəqəmsal materiallar müsadirə edilib.
Beykoz Baş Prokurorluğu əməliyyatın səbəbinin narkotik və ya stimullaşdırıcı maddələrin alınması, qəbul edilməsi, saxlanması və ya təchizatı cinayətləri olduğunu bildirib. Əməliyyat, alınan dəlillər və məlumatlar, eləcə də Beykoz Sülh Məhkəməsinin məhkəmə qərarı əsasında 7 aprel 2026-cı ildə başlayıb.
Saxlanılan şübhəlilər əvvəlcə sağlamlıq yoxlanışı üçün xəstəxanaya aparılıblar. Sağlamlıq yoxlamalarından sonra şübhəlilərin qan və saç nümunələrinin analizi üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndəriləcəyi məlum olub.
Məhkəmə Tibbi Ekspertizası İnstitutunda prosedurlar başa çatdıqdan sonra şübhəlilərin prokurora ifadə vermək üçün Beykoz Məhkəməsinə gətirilməsi gözlənilir. Müayinələrin və ifadələrin nəticələrinə əsasən prokuror şəxslərin azadlığa buraxılması və ya həbs tələbi ilə məhkəməyə göndərilməsi barədə qərar verəcək.
İstanbul Baş Prokurorluğu tərəfindən 8 oktyabr 2025-ci ildə başlanan əsas istintaq çərçivəsində bu günə qədər bir çox menecer və iş adamından ifadələr alınıb. Əməliyyatın genişlənəcəyi və texniki araşdırmaların davam edəcəyi qeyd edilib.