Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsində bağlanan “Apple Daily” qəzetinin qurucusu, müxalif media maqnatı Cimmi Lai 1 ildir təxirə salınan işin ilk iclası üçün bu səhər West Kowloon Ədliyyəsinə gətirilib. Honq-Konq polisi iddianın həssaslığına görə ədliyyə binası və ətrafında sıx təhlükəsizlik tədbirləri görüb.
Hafta.az-ın yazdığına görə, nəşri dayandırılan “Apple Daily” qəzetinin rəhbəri Cimmi Lai yayımları və hərəkətləri ilə ictimaiyyəti üsyana sövq etməkdə və hökumət rəsmilərinə beynəlxalq sanksiyalar tətbiqi üçün xarici güclərlə əməkdaşlıqda ittiham olunur.
Milli təhlükəsizliklə əlaqədar olduğu üçün məhkəmədə baxılan iddianın dinləmələri 80 gün davam edəcək.
Honq-Konqda 2019-cu ildə cinayətkarların materik Çinə, Makao Xüsusi İnzibati Bölgəsinə və Tayvana ekstradisiyasını asanlaşdıran qanun layihəsi, mərkəzi hökumətin bölgənin muxtar hüquq sistemi üzərində hökmranlığına səbəb olacağı səbəbiylə müxalifətin reaksiyası ilə üzləşib.
Parlamentdə qanun layihəsi qəzğın müzakirələrə səbəb olub, iyun ayından başlayaraq şəhər küçələrində və universitet şəhərciklərində minlərlə insanın iştirakı ilə genişmiqyaslı kütləvi nümayişlər keçirilib.
Nümayişlər genişləndikdə isə, yerli hökumət qanun layihəsinin müzakirəsinin iyulda dayandırıldığını, nümayişlər səngidikdən sonra isə sentyabrda layihənin ləğv edildiyini açıqlayıb.
Qanun layihəsinin ləğvinə baxmayaraq, nümayişçilər hökumətin istefası tələbi ilə etirazlarını ilin sonuna qədər davam etdiriblər.
Etirazlardan sonra Çin rəhbərliyi 2020-ci ilin iyun ayında qüvvəyə minən Milli Təhlükəsizlik Qanunu ilə "hökuməti devirməyə cəhd, dövlətə xəyanət və milli təhlükəsizliyə təhlükə yaradan hərəkətləri" cinayət hesab etdi və qanun Honq Konq Assambleyası tərəfindən təsdiqlənərək bölgədə qüvvəyə mindi.
Qanun çərçivəsində 100-dən çox müxalifə qarşı araşdırma başlanarkən, bir çox demokratiya tərəfdarı olan qeyri-hökumət təşkilatları və media qurumları bağlanıb.
Honq Konq polisi 2020-ci ilin avqust ayında "Apple Daily" və onun çətir şirkəti "Next Digital"in ofislərinə basqın edərək Cimmi Lai və redaksiyanın digər 6 vəzifəli əməkdaşını "milli təhlükəsizlik qanununu pozduqları" və "xarici qüvvələrlə əməkdaşlıq etdikləri" səbəbi ilə saxlayıb. Aktivləri dondurulan, menecer və redaktorları saxlanılan qəzet 2021-ci ilin iyununda bağlanmaq məcburiyyətində qalıb.
Şirkətlə bağlı aparılan istintaq zamanı icarə müqavilələrində aşkar edilən pozuntulara görə Lai 5 il 9 ay həbs cəzasına məhkum edilib.
Milli təhlükəsizliklə bağlı işdə ittiham tərəfi Laiyə ömürlük həbs cəzası tələb edir.