İndoneziyada vəhşi təbiətin qorunması ilə bağlı araşdırmalar aparan tədqiqatçı Kalayh Raksasevu, Yava adasında 5 ildir şahidlərin ifadələrinə əsaslanaraq, Yava pələnginə aid olduğu düşünülən tük nümunəsi tapıb.
Hafta.az-ın “The Wall Street Journal”a istinadən yazdığına görə, nümunə, Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) tərəfindən 2008-ci ildə nəsli kəsilmiş elan edilən və ən son 1976-cı ildə təbiətdə müşahidə edilən Yava pələnginin canlı olması ehtimalını gündəmə gətirib.
Alimlər araşdırmalarında bu növə aid olduğu düşünülən bir tük nümunəsini araşdırıblar. Araşdırmada, tük nümunəsindəki DNT ardıcıllığının, genetik olaraq əlaqəli növlərlə müqayisədə, İndoneziya Zoologiya Muzeyində 1930-cu ildə içi doldurulmuş Yava pələnginin üzərindəki tüklərə ən yaxın uyğunluğu təmin etdiyi müəyyənləşib.
Tədqiqat müəllifləri bildirdilər ki, Yava pələngi ilə bağlı tapıntılar sahə tədqiqatları və qabaqcıl genetik skrininqlər vasitəsilə sınaqdan keçirilməlidir. İndoneziyanın Ətraf Mühit Nazirliyi onu da qeyd edib ki, təbiətdə Yava pələnginin olması ehtimalını müşahidə etmək üçün kamera tələləri və genetik müayinələr aparılacaq.
Araşdırmanın nəticələri martın 21-də “Cambridge University Press” tərəfindən nəşr olunan “Oryx” jurnalında paylaşılıb.