İsrailli müğənni və Netflix serial olan “Fauda”nın aktyoru İdan Amedi Qəzzada baş verən qarşıdurmada ağır yaralanıb.
Hafta.az-ın yazdığına görə, İsrail ordusunda ehtiyatda olan əsgər kimi xidmət edən Amedinin bazar ertəsi girdiyi münaqişədən sonra helikopterlə xəstəxanaya aparıldığı açıqlanıb.
Məşhur aktyorun atası “Walla” xəbər saytına açıqlamasında Amedinin həyati təhlükəsinin olmadığını bildirib.
Əmisi oğlu Amedinin vəziyyəti ilə bağlı İnstaqram səhifəsində sevənlərindən məşhur aktyor üçün dua etmələrini istəyib.
İsrail mediası İdan Amedinin bazar ertəsi gecəsi uzun və çətin əməliyyat keçirdiyini yazıb.
Netflix-in “Fauda” serialındakı rolu ilə tanınan Amedi İsrail ordusunda elit bir hissədə xidmət edən əsgəri canlandırır. Serialda Amedinin xidmət etdiyi bölmə Qərb Sahilində və Qəzzada əməliyyatlar həyata keçirir.
İsrailli aktyor yaralanmasından bir müddət əvvəl Qəzzada müsahibə verib və "bir az yorğun, amma yaxşıdır. Hər kəsin təhlükəsizliyi üçün çox çalışırıq. Sizi həqiqətən sevirik" deyib.
Müsahibədə Qəzzada yeraltı tunellərlə bağlı sualı cavablandıran Amedi, "Burada tikdikləri çılğınlıqdır. Buradakı əməliyyat əksərən mərkəzi tunel marşrutunu hədəf alır. Kilometrlərlə tunel, silah və hətta xüsusi silahlar tapdıq və iki gündür onları məhv etməklə məşğuluq” deyə bildirib.
Kürd ailəsinin övladı olan 35 yaşlı Amedi aktyor olmaqla yanaşı, musiqiçi və bəstəkardır. Məlumdur ki, israilli aktyor bütün konsertlərini kürd mahnısı ilə tamamlayır.
Oktyabrın 7-də Həmas-ın hücumlarından sonra 300 min ehtiyat əsgərin 12 oktyabrda xidmətə çağırıldığı İsraildə hərbi xidmətə cəlb olunan adlardan biri də Amedidir. O, sosial media hesabında hərbi formada çəkdirdiyi şəkli paylaşaraq "Bu “Fauda” səhnəsi deyil, real həyatdır" deyib.