Niyə "bir kilo toyuq" Misirdə trendə çevrilib?

10:43 26.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misirdə quş ətinin bahalaşması ilə əlaqədar şənbə günündən X şəbəkəsində #onekilo_chicken həştəqi trendlərin başındadır. İstifadəçilərdən biri istehzalı şərh edib və “Elon Mask bir kilo toyuğun trend olduğunu bilsəydi, Misirdə X-ı qadağan edərdi” deyib. Başqa bir istifadəçi "Bir kilo toyuq həqiqətən də trenddə qalmağa layiqdir" deyib.

Hafta.az-ın yazdığına görə, bəzi bölgələrdə quş ətinin kilosu 120 funtu keçib. Sosial media istifadəçiləri, ötən saatlarda bazarda dolların ucuzlaşmasına baxmayaraq, quş ətinin niyə bahalaşmağa davam etdiyini sual altına alıblar.

Yerli KİV-in məlumatına görə, dolların məzənnəsi rəsmi olaraq 30,85 funtda qaldığı halda, qara bazarda dolların qiyməti şənbə günkü əməliyyatlarda enişini davam etdirərək, cümə günü 57 funtdan 53 funta enib.

Sosial media bu enişi Misirin Birləşmiş Ərəb Əmirlikləri ilə Ras əl-Hikmə şəhər layihəsinin inkişafı üçün 150 milyard dollardan çox sərmayə yatırmaq üçün müqavilə imzalaması ilə əlaqələndirib. Bu, bəzi sosial media istifadəçilərinin quşçuluq bazarının bu sövdələşmədən niyə təsirlənmədiyi ilə maraqlanmağa səbəb olub.

İstifadəçilərin əksəriyyəti quş ətinin bahalaşmasına sarkazmla baxıb. Vəlid adlı hesabda bir karton yumurtanın bir kilo toyuqdan baha olması lağa qoyularaq, “Analar övladlarının özlərindən daha yaxşı olmasını istəyirlər” deyib.

Bir növ qara komediya olaraq İsmət Səlim adlı bir hesabda göyərçin, ördək, qaz və hinduşka kimi digər quş növlərini də xatırladıb, "Onları xatırlayan varmı?" soruşub. Başqa bir hesab daha sonra "Xatirlərimizdə" deyərək cavab verib.

Digərləri filmlərdən və seriallardan ilhamlanan komediya məzmunu yerləşdirməklə quş əti qiymətlərinin yaratdığı gərginliyi azaltmağa çalışıblar.

Bundan başqa, #kilo_toyuq_döş_dilimləri heşteqi quş ətinin bahalaşması ilə qiyməti qalxdıqdan sonra yenidən trendə düşüb. Məhəmməd əl-Beşləvinin hesabında toyuq döşünün qiymətinin 250 funta çatması ilə bağlı şərhində qiymət artımını 35 milyard dollarlıq fövqəladə müddəanın daxil olduğu Ras əl-Hikmə müqaviləsi ilə əlaqələndirib.

Misir Ticarət Palataları Federasiyasının quşçuluq departamentinin rəhbəri Əbdüləziz əl-Seyyid deyib: "Birincisi, quş ətinin istehlak qiymətlərinin artması onların fermada qiymətinin artması ilə bağlıdır. Ötən günlər orta hesabla 81 Misir funtuna yüksəldikdən sonra bu gün 91 Misir funtuna çatıb. Təsərrüfatdakı bu artım qiymətin istehlakçıya 100-105 funta çatması ilə nəticələnib, lakin bu həddi aşan hər şey şişirtmədir və bəzi ticarətçilərdən asılıdır”.

Seyyid qiymət sabitliyinin maya dəyərinə əsaslandığını, bugünkü bahalaşmanın arxasındakı amilin isə quşçuluq sənayesində mühüm amillərdən biri olan bazarda quş yemi qiymətlərinə söykəndiyini deyib. Onun sözlərinə görə, çünki bunun istehsal xərclərinə və dolayısıyla bazardakı qiymətlərə birbaşa təsiri var. O, hazırda qiymətlərin düşməsinə baxmayaraq, bu enişlərin heç bir dəyəri olmadığını və real təsir göstərmədiyini, ton başına qiymətin hələ də müxtəlif şirkətlərlə 28-31 min Misir funtu arasında dəyişdiyini və bunun da qiymətlərdə fərqlər yaratdığını bildirib. Seyyid deyib ki, normal qiymət 25 min funtu keçməməlidir, yəni qiymətlər birmənalı şəkildə şişirdildilir.

Oxunma sayı 195