Norveç hökuməti iri və orta şirkətlərin direktorlar şuralarında qadın direktorların ən azı 40 faizinin olmasını tələb edən qanun layihəsi hazırlayıb.
Hafta.az-ın yazdığına görə, Norveçdə hökumət sözügedən qanun layihəsini artıq parlamentə təqdim edib. Qanun layihəsi qadınların iş yerlərində irəli çəkilməsinə mane olan təcrübələrin qarşısını almağı planlaşdırır.
“BBC Türkce”nin xəbərinə görə, hökumətin lobbi və birliklərlə razılaşaraq hazırladığı qanun dünyada bir ilkdir.
Beş il ərzində tam icrası nəzərdə tutulan layihəyə görə, qanun gələn il 8 min şirkətə, 2028-ci ilə qədər isə 30-dan çox işçisi olan 20 min şirkətə şamil ediləcək.
Qadınların yüksəksəviyyəli təmsilçiliyinin ləng inkişaf etdiyini düşünən İşçi Partiyasının rəhbərlik etdiyi azlıq hökuməti bu nisbətin 20 ildə 15 faizdən cəmi 20 faizə yüksəldiyini vurğulayıb.
Ötən ilin noyabrında Avropa İttifaqı qeyri-icraçı direktorların 40 faizinin və bütün rəhbər işçilərin 33 faizinin qadın olması barədə qərar qəbul edib. Norveç isə ittifaqın üzvü deyil.
2005-ci ildə ölkə ictimaiyyətə satılan şirkətlərə 40 faizlik kvota gətirməklə yeni bir zəmin yaradıb.
Norveçin sənaye naziri Yan Kristian Vestre dünyada bu addımı atan ilk ölkə olduqlarını vurğulayaraq, “cəmiyyətin bütün güclü tərəfləri ilə yaradıcı olmağı hədəflədiklərini” bildirib.
Qanunun Sosialist Sol Partiyasının dəstəyi ilə qəbul ediləcəyi gözlənilir.