Nüvə üçbucağındakı Kəşmirdə narahatlıqlar davam edir

09:57 22.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistan-Hindistan toqquşmalarından sonra Azad Kəşmir əhalisinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar davam edir. Mayın 6-10-da Hindistanla Pakistan arasında baş verən toqquşmalar atəşkəs razılaşması ilə başa çatsa da, həm iki nüvə dövləti, həm də dünya ictimai rəyi hələ də kənardadır.

Hafta.az-ın “The Washington Post”a istinadən yazdığına görə, hesabatında hətta Azad Kəşmirdəki müstəqillik tərəfdarlarının da İslamabad administrasiyasına yaxın bəyanatlar verməsi diqqət çəkir.

Pakistan qoşunlarının Kəşmirdən çıxarılmasını və müstəqillik referendumunun keçirilməsini tələb edən Cammu və Kəşmir Azadlıq Cəbhəsinin sözçüsü Məhəmməd Rafiq Dar deyib ki, İslamabad hökumətinin “müharibə zamanı verdiyi cavab yüksək qiymətləndirilib”.

Əhalisinin əksəriyyəti müsəlman olan Pakistan və əsasən hinduların yaşadığı Hindistan Kəşmirin müxtəlif hissələrini idarə edir. Lakin hər ikisi bütün bölgəyə iddialıdır.

Hindistanın yenidən bölgəyə hücumu ehtimalı Azad Kəşmir əhalisini narahat edir. Kəşmirdə Pakistan tərəfdarı olan Birləşmiş Cammu və Kəşmir Müsəlmanları Konfransından Sərdar Osman Attik deyib: "Biz Hindistanın yenidən hücum etməsindən qorxuruq". Attik Hindistanın baş naziri Narendra Modiyə istinad edərək deyir: “Modi yaralı heyvan kimidir, dişləmək üçün geri qayıdacaq”.

Pakistan rəsmilərinin məlumatına görə, Hindistanın hücumları nəticəsində baş verən qarşıdurmalarda azı 31 nəfər həlak olub. Bundan əlavə, 300-ə yaxın evə ziyan dəyib. Hindistan həmçinin Pakistanın Kəşmirin ona aid hissəsində həyata keçirdiyi hücumlarda ən azı 27 nəfərin öldüyünü bildirib.

Azad Kəşmir sakini Zəfər İqbal Qazi iddia edir ki, onun dostları və qonşuları arasında Pakistana qarşı əhval-ruhiyyə Hindistanın hücumları nəticəsində insan itkisi və ziyana görə kəskin şəkildə dəyişib.

Pakistanı dəstəkləyən Kəşmirli fəal Mozzammil Aslam deyir ki, təhlükə hələ bitməyib: “Həqiqət budur ki, Kəşmir nüvə silahına malik Hindistan, Pakistan və Çinin yaratdığı üçbucağın ortasında yerləşir”.

Aprelin 22-də Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq Hindistanın mayın 6-da Pakistan ərazisi və Azad Kəşmirə raket zərbələri endirməsindən sonra tərəflər arasında qarşıdurma yaranıb.