Nyu-Yorkun Bruklin rayonunda sinaqoqun altında gizli tunelin tikildiyi məlum olub.
Hafta.az-ın yazdığına görə, bazar ertəsi tuneli doldurmaq üçün sement maşını ilə sinaqoqa gələn polis qrupları camaatın müqaviməti ilə qarşılaşıb.
Hadisələr zamanı tuneldən çıxmaqdan imtina edən 10 nəfər saxlanılıb. Etirazçılar tunellərdən çıxarıldıqdan sonra qruplar işlərini davam etdirib.
Sinaqoqun ravvini Yosef Braun polisə müqavimət göstərən gənclərin davranışının “dəhşətli” olduğunu və müqəddəs məkana ziyan vurduğunu deyib.
Bildirilib ki, sinaqoqun altında tikilən tunel ərazidə tərk edilmiş “mikveh”ə gətirib çıxarıb. Mikveh, təmizlənmə inancı ilə yəhudilərin müəyyən vaxtlarda çimdikləri hamamlara verilən addır.
Lakin tunelin niyə tikildiyinə dair dəqiq məlumat yoxdur.
“Daily Mail”də çıxan xəbərdə, yaşananların fonunda Hasidik Yəhudilərin içindəki bölünmənin təsirli olduğu ifadə edilib. Hasidik yəhudilərin bir qolu olan Habad-Lubavic hərəkatının sinaqoq rəhbərliyinə qarşı çıxdığı, iki tərəfin bir əsrlik binanın rəhbərliyi ilə bağlı qarşıdurmada olduğu bildirilib.
Məlum olub ki, Habad-Lubaviç hərəkatına mənsub yəhudilər ən azı 6 aydır ki, sinaqoqun altında tunellər qazırlar.
Tunellər ilk dəfə dekabrda aşkar edilib və sinaqoq administratorları struktur mühəndislərinə zəng edərək zərərin qiymətləndirilməsini istəyiblər.
Sement maşını tunelləri doldurmaq üçün hadisə yerinə gəldikdən sonra çoxu gənclərdən ibarət nümayişçilər içəri girərək tunellərin dolmasının qarşısını almağa çalışıblar.
Hasidik xəbər saytı “COL Live” hadisə yerində olan nümayişçilərin çoxunun İsrail vətəndaşları olduğunu bildirib.