O kənddə paltar geyinmək yasaqdır

10:05 29.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İspaniyada paltar geyinməyin qadağan olduğu El Fonoll tətil düşərgəsi dünyanın hər yerindən ziyarətçiləri cəlb edir.

Hafta..az-ın “El Pais”ə istinadən yazdığına görə, Pireney yarımadasının şimal-şərqində yerləşən Kataloniya muxtar vilayətindəki nudist kurortu 1998-ci ildə yaradılıb.

Tarragona şəhərindəki El Fonoll İspan sahibkarları Emili Vives və Nuria Espinalın sərmayələri ilə 14-cü əsr kəndinin yerində inşa edilib.

“El Pais”ə müsahibə verən Vives, 1950-ci illərdə tərk edilmiş kəndi satın alarkən, onu sıfırdan yenidən qurduğunu deyib: “Burda getməyə yer yox idi. Hər şey dağıdıldı, hər yer tərk edildi”.

Bölgəyə ilk köçdükləri zaman bir müddət karvansarayda yaşadıqlarını izah edən Vives, uşaqlarının da köməyi ilə kəndi nudistlərin bir nömrəli ünvanlarından birinə çevirdiklərini bildirir.

Vives ərazini abadlaşdırmaq üçün təxminən 150 milyon İspan pesetası (təxminən 1 milyon 650 min manat) xərclədiyini, təxminən 10 ildir torpaq və lisenziya ilə bağlı hüquqi problemləri olduğunu söyləyir.

Düşərgələrdən, yataqxanalardan, evlərdən və restoranlardan əlavə kənddə kiçik kinoteatr, yoqa klubu və masaj salonu da var. Bütün obyektlər Vives və həyat yoldaşına məxsusdur.

El Fonollda ziyarətçilərin razılığı olmadan ictimai yerlərdə paltar geyinmək, siqaret çəkmək və ya fotoşəkil çəkdirmək qadağandır. Kənddə əməl edilməli olan 30-a yaxın qayda var.

"Beynimizi yumaq istəyənləri içəri buraxmırıq. Bu, hər cür ideologiyaya hörmət edilən bir sahədir" deyən Vives, həyat yoldaşı ilə qaydaları təyin etdiklərini və ziyarətçilərin təkliflərini nəzərə aldıqlarını əlavə edib.

Kəndin böyük marağa səbəb olduğunu ifadə edən Vives deyir: "Daha çox Hollandiya, Belçika, Fransa, İngiltərə və Almaniyadan gəlirlər. Amma dünyanın hər yerindən ziyarətçilərimiz var. Heç reklam etməsək də, çoxlu turist gəlir. Hətta İslandiyadan gəlirlər”.

Nudizmi təbiətlə harmoniyada yaşamaq fəlsəfəsi olaraq gördüyünü ifadə edən Vives, "Hər zaman nudizmin nə olduğunu yaymağa, izah etməyə və müdafiə etməyə çalışmışam. Heç bir şeyə peşman deyiləm" deyir.