Araşdırmaçı jurnalist Elçin Alıoğlu hafta.az-a budəfəki müsahibəsində Qərbi Azərbaycana qayıdış, Azrbaycan-Ermənistan sülh danışıqları, sərhədlərin delimitasiya və demarkasiyasında hansı xəritələrdən istifadə olunması və s. mövzularda maraqlı və fərqli fikirlər səsləndirdi.
– Ölkə başçısı Şuşadakı son beynəlxalq mediaforumdakı çıxışında da bir daha Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının bərpasından, yəni onların öz doğma dədə-baba yurdlarına dönəcəyindən danışdı. Bu məqsədlə qərbi azərbaycanlılar tərəfindən bir neçə təşkilat da yaradılıb. Sizcə, soydaşlarımızın hazırda “Ermənistan” adlanan yurdlarına gələcək qayıdışı üçün hansısa real addımlar atılırmı?
– Həmin real addımlar artıq atılıb. Azərbaycanın müasir deyil, son 200 illik tarixində, daha doğrusu, 1723-cü ildən bu yana ilk dəfə olaraq qədim Azərbaycan torpaqlarının bir yerə yığılması istiqamətində konkret addımlar atılır. İlk baxışdan cəmiyyətin bəzi nümayəndələrindən dünya siyasətindən, həmçinin beynəlxalq hüquqdan xəbərsizliyin doğurduğu bir pessimizm var. Adətən bu prosesin əleyhdarları 3 əsas arqument irəli sürürlər. Birincisi, guya biz Ermənistanın ərazi bütövlüyünə iddia edirik. İkincisi, bu proses baş tutmayacaq, çünki biz hələ Xankəndində bayrağımızı qaldırmamışıq. Üçüncüsü, dünya birliyi bizə təzyiq edəcək... Bu arqument özü-özlüyündə təmiz mizantrapiyadır, yəni mənasızdır. Niyə? İsrail dövləti 1948-ci ildə yaradılanda bu haqda bəyanat verilməzdən öncə 1914-cü ildən sionizm hərəkatı başlanandan sonra İsrailə köç barədə proqram qəbul edildi. Yəni “eret İsrael”ə – doğma vətənə qayıdışla bağlı. və Birinci Dünya müharibəsindən sonra, İkinci Dünya savaşı illərində on minlərlə yəhudi o vaxt Böyük Britaniyanın mandat ərazisi olan Fələstinə qayıtdı. O zaman Fələstin mandat ərazisi idi. İsrail dövləti yox idi və s. Bütün bu deyilənlər baxımından Qərbi Azərbaycana bu qayıdışı təşkil etmək, qayıdış prosedurlarına başlamaq üçün hər hansı bir dövlətə ərazi iddiasından söhbət belə, gedə bilməz. Biz Qərbi Azərbaycan ərazilərinin avtoxton sakinləriyik. Avtoxtonluq nə ilə ölçülür? Hər hansı bir xalqın iddia etdiyi ərazidə tarixi, mədəni və s. abidələrinin, yaxud onların qalıqlarının mövcudluğuyla... Bəhs edilən tarixi ərazilərimizdə soydaşlarımıza məxsus on minlərlə evlərin, məbədlərin, məscidlərin, mədrəsələrin və s. qalıqları var. Ermənilər isə “böyük Ermənistan” adlandırdıqları ərazilərdə Türkiyənin Ani şəhəri istisna olmaqla indiki Cənubi Qafqazda da bir dənə olsun belə, özlərinə aid qala və ya qəsr qalığı göstərə bilmirlər – yoxdur... Guya “böyük Ermənistan”ın hökmdarı olmuş arkaşidlərin sülaləsindən olan və əslində erməni yox, parfiyalı Tiqranın vaxtında 6 paytaxt olub və onlardan biri də Ağdam yaxınlığında imiş. Onun da adını “Tiqranakert” qoyublar ki, bu da illüziyadır, yalançı tarixdir. Bu, birinci məsələ. İkincisi, bizim Qərbi Azərbaycana qayıdışımızla bağlı addımların reallığı ondan ibarətdir ki, soydaşlarımızın oradakı daşınan və daşınmaz əmlakları zor gücünə əllərindən alınıb. Bu, artıq mülki iddia prosedurlarına aid olan məsələlərdir. BMT-nin və bir sıra digər beynəlxalq təşkilatların nizamnamələrinə, beynəlxalq hüququn prinsiplərinə əsasən biz beynəlxalq hüquqa zidd olan heç nə etmirik. Üçüncüsü, əsas məsələ burada tarixi, mədəni, mənəvi olmaqla yanaşı, coğrafi-kartoqrafik problemlə də bağlıdır. Biz əgər 1920-ci ilin noyabrından, yəni Azərbaycan ərazilərinin Ermənistana peşkəş edilməsindən sonra tərtib edilmiş xəritələrin istisnasız olaraq hamısında indiki Ermənistanın toponimlərinin çoxuna rast gəlmirik. Orada Zəngəzur, Dərələyəz, Basarkeçər, Zəngibasar var, Vedi, Ağdaban var. Bir sözlə, o xəritələrdə erməni toponimikası yoxdur. Yəni Azərbaycan burada qərəzli deyil. Biz sadəcə olaraq bunu bərpa edirik...
Sizə söylənilən istiqamətdə daha bir real addım deyim. Azərbaycan Respublikası Nazirlər Kabinetinin, artıq qüvvədə olan son qərarlarından birinə görə bundan sonra Ermənistanda doğulmuş Qərbi azərbaycanlılara sənədlər veriləndə onların doğulduqları yerlər erməni toponimikasıyla yox, Azərbaycanın əsil, qədim ərazi adlarına görə göstəriləcək. Məsələn, hazırda daşıdığı pasportda doğum yeri Sünik kimi göstərilən hər hansı soydaşımıza yeni şəxsiyyət vəsiqəsi veriləndə həmin məkan artıq Zəngəzur kimi qeyd olunacaq. Və s. Bundan artıq real nə ola bilər. Və bizim hakimiyyət bundan artıq real nə etməlidir...
– Sizin Azərbaycan və Ermənistanın 1918-1920-ci illərdən bəri mövcud olmuş xəritələri haqda da yetərincə məlumatınız var? Sizcə, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası prosesində istifadə üçün hansı ilin xəritəsi daha optimal hesab olunmalıdır?
– Bu məsələ çox ciddi və eyni zamanda, absurddur. Bax, burada paradoks var. Fəlsəfənin forma və məzmun sillagizmi var. Biz həmişə, hər şeydə forma axtarırıq; sülh sazişi bağlansın, Xankəndində bayrağımız dalğalansın, 7 kəndimiz də azad olunsun və s. Bu, emosionallıqdan doğulan forma axtarışlarıdır, bu yolla getməməliyik. Məzmun axtarmalıyıq. Bizim üçün sülh sazişinin harada kim tərəfindən, kimin vasitəçiliyi ilə imzalanacağı önəmsiz olmalıdır, məqsədimiz sülhdür, sabitlikdir. Yəni, məsələn, oğlumuzu ət almağa göndərəndə bizim üçün övladımızın həmin əti kimdən, haradan alması önəmsizdir, əsas olan ətin keyfiyyətidir. Bu baxımdan praqmatik olmalıyıq...
Ermənilərin tələbi budur ki, sərhədlərin delimitasiya və demarkasiyasında 1975-ci ildə Rusiya ordusu Baş Qərargahı tərəfindən tərtib olunmuş və həmin qurumun baş arxivində saxlanılan xəritədən istifadə olunsun. Burada 3 sual yaranır: nəyə görə biz Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsində məhz bu xəritədən istifadə etməliyi? Həmin xəritə apriori olaraq dünya birliyi tərəfindən tanınıb, BMT-də qeydiyyata alınıbmı? Yoxsa Azərbaycan bununla razılaşıb?..
Məsələ ondadır ki, 1975-ci ilə qədər Azərbaycan-Ermənistan sərhədinin perimetri boyunca hər il ərazinin bir hissəsi Moskvanın istədiyi kimi demarkasiya edilib. Yəni biz 1975-ci il xəritəsinin istifadəsinə razılıq versək, uduzacağıq. Anklavlar da 1920-ci ilin noyabrından bu yana müəyyənləşib və Ermənistana verilib. Sizə dırnaqarası bir “sirr” açım: Ermənistanın Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı ayıran həmin Zəngəzur dəhlizinin uzunluğu bu gün 42,6 km-dir. Amma 1920-ci ilin noyabırınadək həmin ərazi vur-tut 2 km olub. Ermənilər həm o tərəfdən, həm bu tərəfdən ərazilərimizi peşkəş alaraq bu dəhlizi süni şəkildə uzadıb-yaradıblar. Odur ki, bu dəhliz də absurddur...
Bir sözlə, 1975-ci il xəritəsi Rusiyanın göstərişidir. Moskva danışıqlarda əsas moderator olmaq istəyir. Lavrovun Moskvada iyulun 25-də keçirilmiş görüşdə də əsas məqsədi buna yönəlmişdi. O, həm də həyasızcasına sülh müqaviləsinin Moskvada imzalanacağına işarə edərək sammitin orada keçirilməsini təklif edir. Etsin, bizim üçün problem deyil... Rusiyanın Azərbaycandakı təsir rıçaqları bu dəqiqə sıfıra bərabərdir. Bu gün Kreml heç Ermənistana da təsir edə bilmir. Paşinyan Moskvada görüşün keçirildiyi vaxt İrəvandakı brifinqində belə bir ifadə işlətdi: “Bundan sonra Rusiya çarına məktub yazmaq praktikasına son qoymalıyıq. Bütün dərdlərimizin dərmanını Rusiyada axtarmamalıyıq. Bax, bu, çox önəmli bir açıqlamadır... İkinci açıqlama ondan ibarətdir ki, Qarabağdakı ermənilərin təhlükəsizliyini Ermənistan təmin edə bilməyəcək. Üçüncü açıqlama isə odur ki, Qarabağdakı haykların müstəqilliyini heç vaxt heç bir ölkə tanımayıb və tanımayacaq. Yəni Rusiyanın bundan sonrakı çabaları boş söhbətlərdir. 1975-ci il xəritəsini tələb edirlərsə, kontr-arqument kimi biz də, - 1902, 1918, 1919, 1920, 1921-ci illərə dair cəmi 64 xəritə var, - onların hamısını Ermənistan və Rusiyanın qarşısına qoymalıyıq...
Aleksandr Dümanın Qafqaza zamanı Fransa imperiyasının çəkdiyi, Britaniya imperiyasının çəkdiyi xəritələr var. Bakıda 1918-ci ildə “Sentro-Kaspi” diktaturasının hakim olduğu zaman ingilis general Denstervilin göstərişi ilə çəkilmiş xəritələr, Azərbaycan Xalq Cümhuriyyətinin xəritələri, Millətlər Liqasının xəritələri var. Belə olan halda nədən 1975-ci il xəritəsini götürməliyik? Əgər vicdanı varsa, cənab Lavrov olan-qalan ağlını cəmləyərək, buyursun, bu suala da cavab versin...
- Xarici işlər nazirlərinin üçtərəfli Brüssel görüşü, ardınca ölkə liderlərinin görüşü, sonra Moskvada XİN rəhbərlərinin üçtərəfli görüşü, ardınca liderlərin, daha sonra baş diplomatların Vaşinqton görüşü... Ortada da real, tutarlı bir nəticə yox. Bütün bunları müşahidə edəndə cəmiyyətin bəlkə də xeyli hissəsində belə bir sual yaranır: deyəsən, 30 il ATƏT-in Minsk üçlüyünün mənasız səfər və görüşlərinin nəticələrini gözlədiyimiz kimi, bu dəfə də illərlə üçtərəfli görüşlərin nəticələrini gözləyəcəyik?..
– Xeyr, elə deyil... Azərbaycan ikinci dəfə “Minsk qrupu” prosesinə getməyəcək. Azərbaycan prosesi uzadan deyil. Proses düşündüyünüzdən də sürətli gedir. Niyə? Dünya birliyini qoyuruq bir tərəfə, artıq Ermənistanın özü Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bu o deməkdir ki, qarabağlı ermənilərlə bağlı bütün problemlər məcmusu Azərbaycanın daxili işidir. Heç bir beynəlxalq təşkilat, heç bir beynəlxalq qurum, hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi belə, ermənilərin problemlərinin həllində nə vasitəçi, nə tərəf, nə də mexanizm ola bilər. İkincisi, dövlət başçıları, baş nazirlər və digərlərinin görüşlərində dərhal nəticə əldə olunması bizim maraqlarımıza ziddir. Təcili, tələsik nəsə etmək - bu, çox pis nəticə verə bilər. Adicə bir ev tikəndə əvvəlcə birinci mərtəbəni tikirlər, sonra bir az fasilə verirlər ki, daşlar yerinə otursun, ondan sonra ikinci mərtəbəni başlayırlar. Biz isə istəyirik ki, bir gecənin içində üçmərtəbəli binanı tikək – köçək. Köçə bilərik, yaşaya bilərik, amma bir həftədən sonra həmin bina başımıza uçar. Tələsik sülh müqaviləsi də Azərbaycan siyasətinin, dövlətçiliyinin, xalqının altına qoyulmuş gecpartlayan minadır. İndi onun ağrı-acısını hiss etməyəcəyik. Müəyyən müddətdən sonra, düşmənlərimiz bundan mütləq istifadə edib bizə qarşı daha ciddi, genişmiqyaslı kampaniya başlaya bilər. Ona görə də bütün sual doğuran məsələlərin istisnasız olaraq hamısını çözmək, qarşılıqlı nəticə əldə etmək niyyətindəyik. Bu dəfə də danışıqların Moskvada keçirilməsi əslində nəticəsiz başa çatdı. Ceyhun Bayramov da, Ararat Mirzoyan da, Lavrov da çoxsaylı bəyanatlar verdilər. Hər şeyi öz adıyla adlandırsaq, danışıqlar nəticəsiz oldu və belə də olmalıydı. Əslində, elə Bakı da bunu istəyirdi. Bununla Bakı Moskvaya mesenc verdi ki, biz Rusiyanın moderatorluğuyla razılaşmırıq. Zatən, Rusiyanın nə mal olduğunu biz 10 Noyabr üçtərəfli bəyanatdan sonra gördük – özü öz imzasına hörmət etməyən bir dövlətdir. Özü öz göndərdiyi “sülhməramlı”lara erməniləri qorumaq funksiyası verən bir dövlətdir. Bu dövlətə niyə inanmalıyıq, niyə güvənməliyik?! Bax, belə suallar var... Ona görə də danışıqların tez başa çatması bizim də marağımızda deyil. Tələsik işin sonu yaxşı olmur. Kim deyə bilər ki, sülh danışıqları bundan sonra da 30 il davam edəcək, ABŞ, eləcə də transmilli şirkətlər buna imkan verməyəcək. Burada biznes maraqları, transmilli, transregional marşrutlar var. Heç kəs milyardlarla dollarının Aşota və Haykanuşa görə itməsinə razı olmayacaq...
– Nəzərə alaq ki, 44 günlük savaşdan əvvəlki 30 ildə olduğu kimi, hələ də ortalıqda Rusiya faktoru var. Ukraynaya bataqlığına düşdükdən sonra nə qədər sarsılsa, zəifləsə də, hələ də nə Qarabağ məsələsinin tam həll olunmasını, nə də Ermənistanla sülh yaranmasını istəyən, Qərbin moderatorluğuyla keçirilən danışıqlar zamanı təxribatlar törədən Rusiya...
– Rusiya amili çox güclüdür. Əsrlərboyu Cənubi Qafqazı idarə etmiş bir imperiyanın indiki qalıqlarının çox qısa müddətdə ərazini tərk edəcəyini düşünürsüzsə, bu, elə-belə olmayacaq. Rusiya əvvəlki təsir rıçaqlarının çoxunu itirdiyi üçün bu dəqiqə Azərbaycanla hesablaşmaq məcburiyyətindədir. Biz də Rusiyanın vəziyyətindən maksimum istifadə etməliyik. Rusiya ilə ticari, biznes, mədəni və s. əlaqələrimizi inkişaf etdirməliyik. Pul da qazanmalıyıq. Bunlarla bahəm oyunu öz qaydalarımızla oynamalıyıq və Rusiyanı da buna vadar etməliyik. Ona görə də Moskva sülh olmasını istəyir-istəmir, özü bilər. Onunla heç kəs hesablaşan deyil. Bu dəqiqə rus ayısının kürkünə birə düşüb və o yan-bu yana vurnuxur ki, özünü qoruyub-saxlasın, lakin vaxt bitib artıq. Yəni zaman Rusiyanın əleyhinə işləyir və bu prosesin qarşısı alınan deyil. Yeni Dünya Düzəni hələ formalaşmayıb. Köhnə düzən dağılıb, yoxdur. Heç kimi bilmir ki, Yeni Dünya Düzəni nədir, necə olacaq? Ona görə də bu dəqiqə zaman Azərbaycanın lehinədir və biz də ondan maksimum yararlanmalıyıq. Sonda onu deyim ki, diplomatiya heç də əksəriyyətin gördüyü kimi deyil – onun 99 faizindən insanların xəbəri yoxdur. Bağlı qapılar arxasında nə olduğunu bulmirlər. Bütün bunları aylar sonra biləcəklər. Ona görə də tələsməyə heç bir ehtiyac yoxdur...