Ölüm hadisəsi ilə bağlı Ucar prokurorluğunda araşdırma aparılır

20:53 03.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 3-də Ucar rayon sakini 1996-cı il təvəllüdlü Rüfət İlyaszadənin xəsarət alması və 1995-ci il təvəllüdlü Könül Əliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan hafta.az-a bildiriblər ki, aparılmış araşdırmalarla 1988-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon ərazisində yerləşən avtomobilyuma məntəqələrinin birində Rüfət İlyaszadəyə xəsarət yetirməsi, daha sonra yaşadığı evə gələrək arvadı Könül Əliyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb. Anar Əliyev prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.