Ombudsmanın Regional mərkəzləri tərəfindən Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər təşkil edilib

16:41 08.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Şimal-Qərb, Qərb və Cənub Regional mərkəzləri tərəfindən Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib.

Qurumun mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Quba, Qax, Şəki, Gəncə və Cəlilabadda keçirilmiş tədbirlərdə yerli icra və yerli özünüidarəetmə orqanlarının əməkdaşları, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşlərdə otuz ilə yaxın müddətdə işğal altında olmuş torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad edildiyi, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpa olunduğu, bayrağımızın bu ərazilərdə qürurla dalğalandığı bildirilib.

Tədbirlərdə, həmçinin Ermənistanın törətdiyi müharibə cinayətləri nəticəsində zərər dəymiş ərazilərimizdə Ombudsmanın həyata keçirdiyi faktaraşdırıcı missiyalar, aidiyyəti beynəlxalq insan hüquqları təşkilatlarına ünvanlanmış bəyanatlar və müraciətlər barədə ətraflı məlumatlar verilib.

Eyni zamanda, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal və Qərb Regional mərkəzlərinin əməkdaşları Vətən müharibəsində şəhid olmuş Musa Məhəmmədovun, Orxan İsmayılovun, Səttar Piriyevin, Səbuhi Əliyevin, Röyan Hüseynovun, Rəhman Bayramovun, İlkin Məmmədovun və Orxan Yusifovun ailələrini ziyarət ediblər.

Görüşlərdə şəhidlərin xatirəsi ehtiramla anılıb, onların torpaqlarımızın işğaldan azad edilməsində göstərdikləri şücaətdən bəhs olunub.

Həmçinin şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsinə Ombudsman tərəfindən daim xüsusi diqqət göstərildiyi bildirilib, bu sahədə həyata keçirilən işlər barədə məlumat verilib.