Omikrona yoluxan vətəndaşların 90-95%-i ev şəraitində müalicə olunurlar – Həkim

17:40 03.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Kütləvi yoluxma halları, kütləvi ağırlaşma demək deyil. Ona görə də belə vəziyyətlərdə qapanmalara getmək və sərt karantin rejiminin tətbiqinə zərurət yoxdur.

Bu fikirləri hafta.az-a infeksionist Vüqar Cavadzadə deyib:

“Hal-hazırda ölkədə yayılan xəstəlik omikron ştammıdır. Bu da koronavirusun digər variantları ilə müqayisədə 4 dəfə daha yoluxuculuq xüsusiyyətinə malikdir. Yoluxma sayı çox olsa da ağırlaşma halları digər variantlarla müqayisədə qat-qat azdır. Omikrona yoluxan vətəndaşların 90-95%-i ev şəraitində müalicə olunurlar. Xəstəlik yüngül qripə bənzər əlamətlərlə - burun axması, qızdırma, əzələ-sümük ağrıları ilə keçir. Həmçinin 75% hallarda ağciyərlərdə buzlu şüşə inkiçaf etmir. Omikron ştammına yoluxmada əsasən yuxarı tənəffüs yolları zədələnir”.

İnfeksionist onu da vurğuladı ki, hazırda xəstəxanaya düşənlər arasında artım yoxdur:

“Yoluxma sayının 6000-i keçməsi ciddi narahatlıq törətmir. O zaman sərt karantin rejiminə keçilər ki, xəstəxanaların çarpayı fondunda yerlər məhtudlaşsın. Omikron ştammı ilə pandemiyanın sonunmu gəldiyini demək yanlış olardı.Bəzi xarici alimlər müxtəlif proqnozlar verir, insanlar da onlara inanırlar. Ancaq bu günə qədər koronavirusla bağlı verilən heç bir proqnoz özünü doğrultmayıb”.