Ordumuz vahid gücdür - Üzeyir Cəfərov

10:52 26.06.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

44 günlük müharibədən sonra əldə etdiyimiz qələbəmiz məhz Şanlı Ordumuzun Dəmir Yumruğu ilə öz sözünü dedi. Bu gün region uğrunda mübarizədə diplomatik güclərin mübarizəsi davam edir. Bölgənin gərginliyi ilə seçilən mənzərəsi Ordumuzdan daim tətikdə dayanmağı tələb edir. Vətən müharibəsindən sonra ilk dəfədir ki, Azərbaycan ordusu qalib Silahlı Qüvvələr olaraq bayramını qeyd edəcək. Bu gün Ordumuzda vəziyyət necədir?

Bu və ya digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov müəyyən amillərə diqqət çəkdi...

- Müharibədən sonra orduda xidmət göstərmiş ehtiyatda olan polkovnik kimi sərhəddə və regionda son hərbi prosesləri necə dəyərləndirirsiniz?

- Ordudan tərxis olunandan sonra hər gün Silahlı Qüvvələrdə olan bütün proseslərlə yaxından maraqlanmışam. Vaxtilə həm keçmiş Sovetlər dönəmində, həm də müstəqil Azərbaycanın dönəmində Müdafiə Nairliyinin müxtəlif idarələrində, xidmətlərində keçdiyim qulluq dövrünü də müqayisə edəndə bəzi məqamların dəyişdiyinin şahidi oluram. Yəni bu illər ərzində çox işlər görülüb. Azərbaycan Ordusu müasirləşib, səviyyəsi xeyli dəyişib.  Azərbaycan əsgəri bu gün dünyanın aparıcı ölkələrinin öz əsgər və zabitinə veriyi qidadan da yaxşı qidalanır. Ona görə də 44 günülük Vətən savaşındakı uğurumuz da elə-belə nəticə deyil. Biz buna illərlə hazırlaşmışıq.

1992-ci ilin mayın 2-də atəşkəs haqqında saziş imzalanmışdı. Həmin dövrdən bu günə qədər  hərb sistemimizdə  çox keyfiyyətli işlər görülüb. Gecə-gündüz keçirilən təlimlərdə döyüş qabiliyyətimiz artırılıb. Biz bunların şahidi olduq. Əvvəllər fəaliyyətim və müşahidələrim xüsusən Müdafiə Nazirliyi ilə bağlı idisə, son dövrlər Dövlət Sərhəd Xidmətinin gördüyü möhtəşəm işlərdən xəbər tuturam. Görürəm ki, Qazax əlahiddə sərhəd diviziyasında qısa müddətdə görülən möhtəşəm işlər tarixə yazılan bir işdir.

Ordu bu günlər ərzində dəyişib. Ən müasir silahlar, avadanlıqlar alınıb. Bu avadanlıqlar, silahlar ordumuzun döyüş qabiliyyətini yüksəldir. Bu gün Ordumuz dünyanın ən aparıcı 50 Silahlı Qüvvələri  sırasındadır. Bu, adi məsılı deyil.

Azərbaycan Ordusunun ötən ilin sentyabrında ortaya qoyduğu qətiyyət, əzm dünya ordularında öyrənilir, araşdırılır. İndi çoxları ordu quruculuğuna yeni prizmadan baxırlar. Bunların hamısı sıradan olan adi bir məsələ deyil. Ordunun hazırlanması çox mürəkkəb mexanizmdir, onun hazırlanması bir günün, bir ayın işi deyil. Ona illərlə vaxt sərf olunub. Bir sözlə, Azərbaycan Ordusu layiqli səviyyədədir.

Sözsüz ki, nöqsanlar da mövcuddur. Dünyanın ən aparıcı, qüdrətli olan ABŞ ordusunda da nöqsanlar, çatışmazlıqlar var. Bizə qardaş olan Silahlı Qüvvələrimizdə də bu var. İş olan yerdə nöqsan da var. Ona görə də Azərbaycan kimi müstəqillik tarixi o qədər də böyük olmayan dövlətin qısa müddətdə əldə etdiyi uğur hər birimizi qürurlandırır, sevindirir. Komandanlıq ortaya çox ağıllı bir taktika qoydu və biz zəfər əldə etdik. O zəfər də hər birimizin qürur yeridir. Hər birimiz gələcək nəslə bu zəfəri bir nümunə kimi göstərə bilərik.

- Azərbaycan Ordusu Zəfər qazanmış  şanlı ordudur. Bu gün Azərbaycan Ordusunda hansı nöqsanların aradan qaldırılmasını istərdiniz?

- Mən bunu 2016-cı ilin Aprel döyüşləri zamanı da demişdim, indi də öz sözümün üstündə dururam. Hər bir komandir, hər bir rəhbər əldə etdiyi uğuru da, uğursuzluğu da təhlil etməlidir. Bilməlidir ki, onun uğuru nəyin hesabına olub, uğursuzluğu niyə baş verib. Bunlar hamısı incələnməlidir. Orduda nəyi görmək istərdim? Müdafiə Nazirliyinin, digər güc strukturlarının ən yüksək rütbəli şəxslərinə şəxsi görüşlərim zamanı da bildirmişəm. Bir neçə il  bundan əvvəl cənab Ali Baş Komandana birbaşa məktub ünvanlamışdım.  Həmin məktubda da bəzi məsələləri illəröncə göstərmişdim. Ali Baş Komandanın göstərişi ilə güc strukturlarının bir neçəsinin rəhbəri məni qəbul eldi və həmin məsələləri dedim. Nəticə çıxaran uğur əldə etdi, nəticə çıxarmayan isə çox təəssüflər olsun ki, acı hadisələrlə üz-üə qaldı.

 Bilirsiniz ki, ordu spesifik sahədir. Orduda hər şey incələnməlidir. Düzdür, uğur əldə etmişik, amma ola bilməz ki, hansısa komandir hansısa bir səhvə yol verməsin.  Düşünürəm ki, səhvlərə yol verilib və gələcəkdə o səhvlərin təkrar olunmaması, itkilərin sayını minimallaşdırmaq, canlı qüvvə və texnikanın itkisini azaltmaq üçün müəyyən işlər görülməli, buraxdığımız səhvlər bir daha təhlil edilməlidir.

 Bu gün özümün də II Qarabağ savaşında döyüşlərdə iştirk etdiyim Füzuli istiqamətində çox ağır anlarımız oldu. Allah rəhmət eləsin əsgər və zabitlərimizə, o istiqamətdə xeyli itki verdik. Halbuki, müəyyən məqamlar var idi ki, ona diqqət yetirmək lazım idi. Başa düşürəm, bu müharibədir, müharibədə ölüm də olacaq, itim də. Elə məsələlər var ki, ona vaxtında hərtərəfli diqqət yetirilsəydi, bəlkə də itkilərin sayını xeyli azaltmaq mümkün olardı. Bir sözlə, ordu elə bir yerdir ki, hər bir iş detalları ilə təhlil olunmalı və mənfidən də nəticə çıxarılmalıdır.

İkinci Qarabağ savaşında komandirlər ortaya kifayət qədər  reallığa uyğun nəticə qoydular, amma bəzi neqativ məqamlar da oldu. İstəmirəm onları deyim, amma Müdafiə Nazirliyinin və güc strukturlarında olan rəhbər şəxslərin bu barədə daha geniş məlumatı var, onlar bilirlər. Çox istərdim, gələcəkdə həmin məsələlər üzərində işlənilsin. Müharibə çox şeyi saf-çürük elədi.  Ali Baş Komandan deyirdi ki, biz dostumuzu da tanıyırıq, düşmənimizi də tanıdıq, yaxşını da bildik, pisi də bildik. Ona görə də keçmiş sovet respublikaları arasında Azərbaycan ilk müstəqil dövlətdir ki, müharibədə öz gücünü sınadı. Hər halda nəticə ortadadır. Torpaqlarımız işğaldan azad olundu, beynəlxalq qurumlara yaxşıca dərs verdik. 

- Nədənsə, ATƏT-in Minsk qrupu yenə də öz “köməyini” təklif etməkdə davam edir...

- ATƏT-in o həmsədrləri bu gün də həyasızcasına özlərini reabilitasiya etmək üçün can atırlar. Onlar faktiki olaraq ölü bir qurumdur. Bunlar beynəlxalq fırıldaqçılardır. Bu qurumu iti qovan kimi qovmaq lazımdır. Düzdür, bəzi dövlətlər çalışırlar ki, o qurumu bərpa eləsinlər, amma alınan məsələ deyil. Hər halda istəməzdim ki, Azərbaycan yenə də ikinci dəfə bunların hiyləsinə tuş gəlsin. Biz bunlardan xilas olmuşuq və öz torpaqlarımızı oğullarımızn canı və qanı hesabına azad etmişik.  Bu qurum bölgəyə gəlsə yenə də çalışacaqlar ki, “bulanıq suda balıq tutmaları” üçün problemlər yaransın və bunun fonunda özlərinə bir gün ağlasınlar.  Azərbaycan Silahlı Qüvvələri tamam fərqli bir durumdadırlar. Bizim ordu ortaya konkret nəticə qoymaq gücündə olan bir yumruqdur, vahid bir gücdür.

- Üzeyir bəy, rus sülhməramlılarının bölgədəki hazırkı fəaliyyəti ilə bağlı vəziyyəti necə dəyərləndirirsiniz?

- Mən sülhməramlıların fəaliyyətindən çox narazıyam. Ola bilər ki, siyasətçilər məsələyə bir qədər ehtiyatlı yanaşır, amma onlarla bağlı vəziyyət heç də ürəkaçan deyil. Bura Azərbaycan əraziləridir. Unutmamalıdırlar ki, Azərbaycan onların fəaliyyətinə uyğun olaraq qərarını verəcək. Yəni üçtərəfli imzalanmış sənədə əsasən, əgər Azərbaycan bu gün elan etsə ki, sülhməramlıların fəaliyyətindən narazıdır, onlar avtomatik olara bizim ərazilərdən çıxmalıdırlar. Bəzi hallarda ermənilər sülhməramlıların fəaliyyətindən istifadə edirlər. Həmin yaramaz Araik Arutunyanın başçılığı ilə yaradılan silahlı dəstələr hələlik işğalda qalan ərazilərimizdə meydan sulayır. Mən “işğal altında qalan əraziləri” elə-belə demədim. Hələ də erməni silahlı qüvvələri ərazilərimizi boşaltmayıblar. Sülhməramlılar da diqqətli və ehtiyatlı olmalıdırlar. Öz işlərini elə qurmalıdırlar ki, Azərbaycan tərəfi narazılıq etməsin. Bu günlər Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri bir neçə gün qabaq dedi ki, üçtərəfli sazişin bəzi müddəaları hələ də yerinə yetirilməyib. Bir şeyi anlamalıdırlar ki, sülhməramlılar əraziyə sülhü təmin etmək üçün gəliblər, erməniləri müdafiə etmək üçün yox. Bəzi hallarda onlar öz missiyalarının nədən ibarət olduğunu unudurlar. Onların missiyası təkcə erməninin əxlaqı yüngül olan tayfası ilə oturub-durmaq yox, daha ciddi işlərlə məşğul olmaqdır. O nöqteyi-nəzərdən  istərdim ki, sülhməramlılar bilsinlər ki, Azərbaycan xalqı bir gün onlara tamam başqa münasibət göstərə bilər. Ruslar hesab etməsinlər ki, əvəzolunmazdırlar.  Azərbaycan xalqı bunu 30 il ərzində gördü. Azərbaycan öz məsələsini özü həll etdi. 

Azərbaycan ortaya  mövqe qoydu. Təbii ki, dost dövlətlər  olan Türkiyə, Pakistanın mənəvi dəstəyi də oldu. Pakistanın Quru Qoşunları komandanı Bakıda olan zaman cənab Prezident bunu xüsusi vurğuladı. Biz bu dəstəyi heç vaxt gizlətməmişik. Azərbaycana xüsusi qısqanclıqla yanaşan xarici güclər Azərbaycanın güclənməsində maraqlı deyillər. Buna baxmayaraq heç nədən çəkinmək lazım deyl. Azərbaycan oğulları canı, qanı ilə bütün dünyaya sübut etdi ki, 30 ilə dünya biveclərinin ortaya qoyub həll edə bilmədiyi, ermənilərlə bacarmadığı işi biz 44 günə həll etdik.

- Yayılan xəbərlərə görə, Ermənistanda yeni rus hərbi bazası yaradılır, hətta rus qoşunlarının Azərbaycanla sərhəddə yerləşdirilməsi də müşahidə olunur. Nə baş verir, bu barədə nələri söyləyərdiniz?

- Ermənilər nə yaradırlar-yaratsınlar, sərhədə nə yığırlar-yığsınlar, bizi qorxuda bilməzlər. Çörək yediyi evə dəyər verməyən bir xalqdan, dövlətdən nə gözləmək olar?! Onlar zatən hər şeylərini başqalarına veriblər, olan-qalan sərhəd məsələləridir, onu da  tapşırıblar rusa. Ermənilərin bu cür hərəkətlərindən ciddi  narahatlığım yoxdur.

O ki qaldı rusların Ermənistanda baza yaratması məsələsinə, onlar orada baza yaratmırlar, sadəcə kontingenti genişləndirirlər. Rusiyanın Ermənistandakı səfiri Kapotkin də göstərmək istəyir ki, “Bax, biz olmasaq, türklər gəlib günün-günorta vaxtı erməniləri əjdaha kimi udarlar”. Bunların hamısı “blefdir”, Rusiyanın oynadığı oyunlardır. Onlar nə istəyirlər eləsinlər, biz öz işimizi görməliyik. Ona görə də deyirəm ki, Zəngəzur dəhlizi də olacaq, Xankəndimiz də qayıdacaq, Xocalımız da... Buna bir balaca səbir, dözüm lazmdır.

30 ildir ki, Qarabağ işğal altında idi, amma bəlli bir zamanda öz qərarımızı verdilk. Bir qədər əvvəl sülhməramlıların missiyalarndan danışdıq. Onun bir missiyası da budur ki, həmin o qeyri-qanuni silahlı birləşmələri oradan rədd edib uzaqlaşdırsınlar.  Qanunlara tabe olsalar qalıb yaşayacaqlar, tabe olmayacaqlar, ürəkləri hara istəyir  getsinlər, 4 tərəf açıqdır. İstəyir Amerikaya, istəyir Rusiyaya, istəyir Fransaya, istəyirlərsə Ermənistana öz evlərinə getsinlər. Biz onları zəncirləyib ərazilərimizdə saxlamamışıq.

Bu gün Türkiyə ilə Azərbaycan arasında çox mühüm sənəd imzalanıb. O sənədin əhəmiyyətini bir neçə ildən sonra daha yaxşı biləcəyik. Ortada yaxşı niyyət var və bunun davamı gələcək. Öz işimizi görməliyik, şükürlər olsun ki, o istiqamətdə də işlər görülür...

 

Oxunma sayı 1534