Ötən il Rusiyadan 42 min əcnəbi deportasiya edilib

09:05 29.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin rəisi Oleq Baranovun sözlərinə görə, paytaxtın ədliyyə orqanları 2023-cü ildə təxminən 42 min əcnəbi vətəndaşı ölkədən deportasiya etmək qərarı verib.

Hafta.az-ın yazdığına görə, Baranov Moskva Şəhər Dumasında keçirilən iclasda deyib ki, ədliyyə orqanları əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiyadan deportasiyası ilə bağlı 42 minə yaxın qərar qəbul edib. Bundan əlavə, Daxili İşlər Nazirliyinin məlumatlarına görə, Xarici Vətəndaşların Müvəqqəti Saxlama Məntəqələrinə təxminən 11,5 min əcnəbi yerləşdirilib.

Şəhər statistikasına əsasən, ötən il Moskvada qeydiyyatdan keçən əcnəbilərin sayı iki milyondan çox olub. Eyni dövr ərzində polis immiqrasiya qanunvericiliyi sahəsində 224 min inzibati xəta aşkar edib.

"Baş idarənin əməkdaşları xarici vətəndaşların Rusiyaya giriş və ya qalma qaydalarının 158 mindən çox pozuntusu aşkar ediblər", - Baranov bildirib.