Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində bir evdə 9 Pakistan vətəndaşının öldürülməsi terror hadisəsi kimi qiymətləndirilib. “Bu, dəhşətli və alçaq bir hərəkətdir və bunu birmənalı olaraq qınayırıq. Biz İran hakimiyyəti ilə əlaqə saxlayırıq”, - bəyanatda deyilir.
Hafta.az-ın yazdığına görə, bəyanatda Tehran administrasiyasına hadisənin dərhal araşdırılması və məsuliyyət daşıyanların tutulması istənilib, bu cür qorxaq hücumların Pakistanın terrorla mübarizəsini dayandıra bilməyəcəyi qeyd edilib.
Maraqlıdır ki, sözügedən hadisə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın yanvarın 29-da Pakistana səfərindən əvvəl baş verib.
İranın yarı-rəsmi “Mehr” Xəbər Agentliyi naməlum silahlı şəxslərin Pakistan sərhəddində, Sistan-Bəlucistan əyalətinin Seravan rayonunda bir evdə 9 xarici vətəndaşı öldürdüyünü bildirib.