Pakistan ordusunun gecə saatlarında Əfqanıstanda həyata keçirdiyi bombardman nəticəsində hamısı qadın və uşaq olmaqla 8 mülki şəxs həlak olub.
Hafta.az-ın “Mepa News”a istinadən yazdığına görə, yerli vaxtla gecə saat 03:00 radələrində Pakistan ordusu Əfqanıstanın şərqindəki Xost və Pktika əyalətlərini bombalayıb. Bombardmanlarda mülki yaşayış məntəqələri hədəfə alınıb.
Əfqanıstan İslam Əmirliyinin sözçüsü Zəbihullah Mücahidin verdiyi açıqlamaya görə, Pistikada, Xostda isə 2 qadın bombardmanlarda 3 qadın və 3 uşaq həyatını itirib.
Pakistan ordusu ötən gün Vəziristandakı hücuma cavab olaraq “Pakistan Talibanı”nı hədəf aldığını iddia edib. Zəbihullah Mücahid iddianı rədd edərək, hədəfə alındığı deyilən qruplaşmanın Əfqanıstanda olmadığını, vurulan yerlərin mülki şəxslərə məxsus evlər olduğunu bildirib.
“Pakistan tərəfinin hədəf alındığını iddia etdiyi Abdulla Şah adlı şəxs Pakistandadır. Digər tərəfdən, bu bölgənin hər iki tərəfində yaşayan və gündəlik səfərləri, yaxın əlaqələri olan bir tayfa var”, - Zəbihullah Mücahid deyib.
Əfqanıstan İslam Əmirliyi bu hücumları qətiyyətlə pisləyir və bu ehtiyatsız hərəkəti Əfqanıstan ərazisinin pozulması kimi qiymətləndirir.
“Dünyanın fövqəldövlətlərinə qarşı uzunmüddətli azadlıq mübarizəsi təcrübəsinə malik olan Əfqanıstan İslam Əmirliyi heç kimin ərazisini işğal etməyə imkan verməyəcək” deyən Mücahid bildirib ki, Pakistan xalqı və yeni hökumət bəzi ordu generallarının son 20 ildə etdiyi kimi, başqalarının xeyrinə öz yanlış siyasətlərini davam etdirməsinin və iki qonşu müsəlman ölkəsi arasında münasibətləri korlamasının qarşısını almalı, Əfqanıstanı öz ərazisində nəzarətin olmaması, səriştəsizlik və problemlərə görə günahlandırmamalıdır. “Bu cür hadisələr Pakistanın nəzarətindən kənarda dəhşətli nəticələrə səbəb ola bilər. Əfqanıstan İslam Əmirliyi heç kimə ölkə ərazisindən kiminsə təhlükəsizliyinə zərər vurmaq üçün istifadə etməsinə icazə vermir”, - açıqlamada bildirilib.
Digər tərəfdən, Pakistanın hücumundan sonra Əfqanıstan və Pakistan orduları arasında sərhəddə qarşıdurmaların yaşandığı bildirilib.