"Pakistan Talibanı" adlandırılan Tahriki Taliban Pakistan, rəsmi İslamabadın verdiyi sözləri tutmadığını əsas gətirərək atəşkəs sazişini uzatmayacaqlarını elan edib.
Hafta.az-ın Mepa News-a istinadən yazdığına görə, TTP rəhbərliyi tələb edib ki, Pakistan hökuməti vədlərinə uyğun addımlar atmalı, müzakirələrə başlamalı və həbs etdiyi təşkilat üzvlərini sərbəst buraxmalıdır. Bunlar olmayacaqsa, artıq bir aydır Pakistan hərbi qüvvələriylə razılaşdırdıqları atəşkəsi pozacaqlar.
TTP-nin yaydığı açıqlamada deyilir ki, hazırda Pakistan zindanlarında təşkilatın 100-dən artıq üzvü saxlanılır. Onların sərbəst buraxılması isə sülh danışıqlarına başlamaq üçün səbəb verə bilər. "İndi Pakistan xalqı sazişlərə əməl etməyənlərin hökumət, yoxsa TTP olduğuna dair qərarını versin. Bu şərtlər altında atəşkəsi davam etdirmək mümkün deyil", - açıqlamada deyilir.
Qeyd edək ki, Pakistanın şimal-qərbində 2004-cü ildən bu yana yerli tayfalarla dövlətin ordu bölmələri arasında silahlı toqquşmalar davam etməkdədir. Toqquşmalara səbəb olaraq 2001-ci ildə ABŞ-ın Əfqanıstanı işğal etməsi, etnik və dini problemlər kimi bir çox amil göstərilir. TTP-də hesab edirlər ki, ABŞ Əfqanıstanı işğal edərkən Pakistandan ciddi və hərtərfli dəstək alıb.
Xatırladaq ki, Pakistan Talibanı ilə rəsmi İslamabad arasında 9 noyabr - 9 dekabr tarixlərini əhatə edən atəşkəs imzalanmış, bu müddətdə tərəflərin müzakirə heyətlərini yaratması haqda öhdəlik götürülmüşdü. Ancaq TTP-nin iddiasına görə, hökumət tərəfi bu istiqamətdə heç bir addım atmayıb.