Pakistan administrasiyasının qeyri-qanuni əfqan immiqrantları geri göndərmək qərarından sonra ölkələrinə qayıdan əfqanların sayı 500 minə çatıb.
Hafta.az-ın yazdığına görə, bu haqda Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid açıqlama verib. O qeyd edib ki, son vaxtlar Pakistandan ölkəsinə qayıdan qeyri-qanuni əfqan mühacirlərin sayı azalıb, lakin davam edir.
Sözçü Pakistanın qeyri-qanuni əfqan immiqrantları geri göndərmək qərarından sonra ölkələrinə qayıdanların sayının yarım milyona çatdığını bildirib.
Pakistan müvəqqəti hökumətinin daxili işlər naziri Sərfaraz Əhməd Buqti son açıqlamasında 482 min qeyri-qanuni əfqan immiqrantın ölkələrinə qayıtdığını açıqlayıb.
Mücahid əvvəlki açıqlamasında 2023-cü ilin oktyabr ayından bu yana Pakistan, İran və Türkiyə kimi müxtəlif ölkələrdən Əfqanıstana göndərilən əfqanların sayının 800 mini keçdiyini bildirmişdi.
Taliban hakimiyyətə gəldikdən sonra Əfqanıstanla Pakistan arasında təhlükəsizliklə bağlı problemlər yaranıb. İslamabad administrasiyası ona qarşı mübarizə aparan Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və Taliban administrasiyasının bu təşkilata qarşı tədbir görmədiyini iddia edir. Taliban isə Pakistanın iddialarını rədd edir və ölkədəki təhlükəsizlik problemləri ilə heç bir əlaqəsi olmadığını bildirir.
Son aylar iki ölkə arasında bu kontekstdə müzakirələr artsa da, Pakistan hökuməti ölkədə qeydiyyatsız yaşayan və sayı 1,7 milyonu keçən qeyri-qanuni mühacirlərdən 2023-cü ilin oktyabr ayının əvvəlində 1 noyabr 2023-cü il tarixinədək Pakistanı tərk etmələrini xahiş etmişdi. Bu tarixə qədər getməyənlərin deportasiya ediləcəyi açıqlanıb.