Partlayış olan beşmərtəbəli binadan 7 nəfər xilas edilib - YENİLƏNİB

11:24 24.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu barədə Hafta.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib. FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

10:39

Nərimanov rayonunda partlayışda xəsarət alanlar hospitalizasiya olunub

Bu gün saat 9 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə baş verən partlayışda xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hafta.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.