Pensiya yaşına az qalmış insanlarn işlərini itirməsi onlar üçün çox ciddi sosial, mənəvi və psixoloji problemlər yaradır. Bu fikirləri Hafta.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib:
"Ona görə də məşğulluq haqqında qanunda kvota müəyyən edən şəxslər siyahısına pensiya yaşına iki il qalmış insanlar da aid olunur. Yəni pensiya yaşına iki il qalmış insanlar iş axtaran olduqda onlara birinci növbədə kvota ilə iş təklif edilir. Amma eyni zamanda biz hökumətin hesabatında da bu məsələni qaldırmışıq və düşünürük ki, bu məsələnin daha geniş həlli lazımdır. Birinci növbədə məşğulluq haqqında qanuna və yaxud da məcəlləsinə əlavələr olunmalıdır ki, iş yerlərinin ixtisarı zamanı pensiya yaşına iki il qalmış bu insanlara imtiyazlar verilsin və ən son halda ixtisara getsinlər. Digər bir məsələ ondan ibarətdir ki, əgər onlar iş yerlərinin, vəzifələrin ləğvi ilə əlaqədar işlərini itirirlərsə, onların pensiya hüquqları pensiya yaşına iki il qalmış tanınsın. Biz bu məsələni hökumətin hesabatında da qaldırmışıq. Və yəqin ki, müsbət istiqamətdə həlli mümkün olacaq".