İranda səfir kimi çalışdığım dövrdən (1998-2009) yaxından tanıdığım, dostlaşdığım və bu gün də dostluğumu davam etdirdiyim doktor Məsud Pezeşkianın yeni seçildiyi Prezident kürsüsündə Azərbaycan-İran münasibətlərinin yüksək səviyyəyə çatdırılması, eləcə də İranda uzun illər əmələ ğəlmiş və artıq böyük problemlərə çevrilmiş müşküllərin, xüsusən adi insanları incidən, narahat edən sosial məsələlərin həlli üçün əlindən gələni edəcəyinə əminəm.. Məsələn, ölkədə iqtisadiyyatın durumu acınacaqlı bir səviyyəyə çatıb. İnflyasiya həddən artıq çox yüksəkdir, bahaçılıqdır. Və insanlar, xüsusən də aşağı təbəqələr bundan çox əziyyət çəkirlər və mən inanıram ki, Pezeşkian öz dürüstlüyü, düzgünlüyü ilə bir sıra neqativ halların qarşısını ala biləcək. Və ölkədəki əsas sosial problemləri də həll edə biləcək”.
Bu fikirləri hafta.az-a açıqlamasında tanınmış Azərbaycan diplomatı, 1998-2009-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri olmuş Abbasəli Həsənov ifadə edib.
“Pezeşkianın hakimiyyətə gəlişindən sonra Azərbaycan-İran münasibətlərinin müsbət istiqamətdə inkişafı üçün, sözsüz ki, böyük imkanlar yaranıb. Biz demirik ki, Pezeşkian Azərbaycan naminə İran dövlətinə zərər gətirəcək hansısa layihəni həyata keçirəcək. Xeyr. Əvvəla, Azərbaycan tərəfindən heç vaxt birtərəfli mənafe güdən, yəni yalnız Azərbaycanın xeyrinə olan, amma İranın ziyanına olan təklif verməmişik və bu gün də verilə bilməz. Şəxsən mən Tehranda səfir kimi işləyəndə də həmişə çalışırdım ki, hər hansı bir məsələnin həlli üçün elə bir yol tapaq ki, həm Azərbaycanın, həm də İranın mənfəətləri üçün xeyirli və uğurlu olsun. İki ölkə arasındakı problemlərə bu cür yanaşanda onlar mütləq həllini tapır. İnanıram ki, cənab Prezident İlham Əliyevin Prezident Məsud Pezeşkiana təbrik məktubu, onların telefon danışıqları və s. Azərbaycan-İran münasibətlərinə xüsusi bir oyanış, canlanma və inkişaf gətirəcək. Xüsusən də ötən il Tehranda- Azərbaycan səfirliyində baş vermiş terror aktından sonra münasibətlərimizdə meydana gəlmiş soyuqluq tədricən istiləşməyə doğru gedəcək. Bildiyiniz kimi, yaxın vaxtlarda İran paytaxtında səfirliyimiz yenidən fəaliyyətə başlayacaq. Və ümid edirəm ki, iki ölkə arasında Azərbaycan üçün də, İran üçün də mənfəət gətirəcək böyük və uğurlu layihələr həyata keçiriləcək. Buna heç bir şübhəm yoxdur”- deyə sabiq səfir vurğulayıb.