Pirlərə nəzir vermək İSLAM DİNİNƏ ZİDDİR - İLAHİYYATÇI

18:18 03.02.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İslam dinində nəzir yığmaq, nəzir vermək kimi anlayış yoxdur. Sadəcə, xalqın çoxillik ənənəsinə görə Allah yolunda müəyyən sədəqələr, ianələr, nəzirlər verilir. Dini qanunda bu, ianə olaraq göstərilir. Digər tərəfdən, məscidlərə verilən nəzir və pirlərə verilən nəzirlər mövcuddur.

Bu fikirləri hafta.az-a ilahiyyatçı Tural İrfan deyib:

"Pirlərə verilən nəzirlərin birmənalı şəkildə əleyhinəyəm, dinimizə ziddir. Pirlərə verilən nəzirlərin 90 faizi səmərəli yerlərə xərclənməyib. Pirlərdən biznes kimi istifadə edən şəxslər yığılan pulları həmin regiona baxan Qafqaz Müsəlmanları İdarəsinin hansısa kuratoru, ya da yerli bələdiyyə məmurları, icra hakimiyyətinin hansısa şöbələri ilə birgə özləri üçün xərcləyiblər. Bir dəfə də şahidi olmadıq ki, Mirmöhsün Ağanın ziyarətgahında yığılan pullarla hansısa şəhid ailəsi, qazi, yetim-yesir ziyarət edilsin. Məscidlərə verilən ianələr, nəzirlər kömək xarakteri daşıya bilir. Kimsə məscidin yanından keçəndə istəyir ki, aparıb ora 5 manat pul qoysun. Məscidə verilən həmin pulların çoxu əsasən onların kommunal xərclərinə gedir. Elə məscidlər də var, orada ianələr toplanmır. Rayonlarımızda minlərlə məscid var ki, kommunal xərcləri, təmiri, bərpası ilə bağlı bunlara yerli bələdiyyələr, icra hakimiyyətlər tərəfindən vəsait ayrılmır. Bu məscidlər o nəzirin, ianənin ümidinə qalırlar. Ağdaşda Hacı Osman məscidi var, borca görə işığını kəsmişdilər...
İnsanların inancları da gərək yaşadıqları ölkənin qanunlarına və milli adət-ənənələrinə uyğun olsun. Mənfi nəticələr verən amillər insanların adətindən silinməlidir. O zaman dini qurumlar nəyə lazımdır?! Dinimizin düzgün təbliği ilə bağlı təşviqatçılarımz, ilahiyyat adamlarımız nəyə lazımdır?! Bizim xalqın adət-ənənələrində də çox qüsurlu tərəflər var.

Tovuzda 18 metrlik ortadan ikiyə parçalanmış bir qaya var. Camaat ora nəzir-niyaz tökür, qurbanlar kəsir. Deyirlər ki, Həzrət Əli gəlib orada hirslənib, qılıncla vuranda qaya yarılıb. Bunun nə mahiyyəti var axı? İnsanlar isə gedib orada qurban kəsirlər. Bu da xalqın ənənəsidir. Beyləqanda pir var- Cərçis peyğəmbər. Həmin pirin ortasında zəncir var, guya həmin zəncir Peyğəmbərin kəməridir. Qadınlar ora kəlayağı atırlar. Əgər kəlağayı zəncirdə qalsa, demək, arzusu yerinə yetəcək. Bunlar ənənədirsə, İslama ziddir. Bu mövhumatçılıq dindarların illərlə insanları istismar etdiyi siyasətdir. Cəlil Məmmədquluzadənin əsərlərində mollaların hansı oyunlardan çıxdıqlarını görürük.

...Məscidlərdə Allah yolunda verilən pul da ianədir, “YAŞAT” fonduna verilən də ianədir. Mahiyyət baxımından “YAŞAT”a ötürülən ianələr daha savabdır. “YAŞAT” fonduna ötürülən pullarla hansısa qaziyə, şəhid ailəsinə yardım edilir. Məscidlərə, pirlərə ötürülən pulların sonrakı aqibəti bilinmir. Bilirik ki, əgər məscidə 50 manat ötürülürsə, onun 30 manatı mollaların cibinə gedir".