Qazaxıstanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirinin keçmiş müşaviri Saken Mamaş həyat yoldaşını sistematik şəkildə döyməkdə ittiham edilərək nəzarətə götürülüb.
Hafta.az-ın yazdığına görə, bu haqda məlumatı Astana Polis İdarəsinin mətbuat xidməti yayıb.
"Ötən il səfirin keçmiş müşaviri arvadını sistematik şəkildə döyməsi faktı ilə bağlı cinayət işi açılıb. Polis tərəfindən istintaq-əməliyyat qrupu yaradılıb. Hadisənin bütün hallarının müəyyən edilməsi üçün zəruri ekspertizalar aparılıb və əhəmiyyətli sübut bazası toplanaraq birləşdirilib", - məlumatda deyilir.
İstintaq məhkəməsi şübhəli Saken Mamaş barəsində aparılan istintaqın nəticələrinə əsasən həbs qətimkan tədbiri seçib.
Keçən ilin may ayında onun həyat yoldaşı Karina Qosman sosial şəbəkələrdə 10 ildir ərinin zorakılığına məruz qaldığını bildirmişdi.
“Qazaxıstan Respublikasının BƏƏ-dəki səfirinin müşaviri olan həyat yoldaşım dünən məni yenidən, eləcə də məni ziyarətə gələn böyük bacımı döydü. Dövlətimizdən kömək istəyirəm”, - deyə Karina Qosman videoda qeyd edib.
Diplomatın həyat yoldaşının açıqlamasından sonra Qazaxıstan Xarici İşlər Nazirliyi onu BƏƏ-dən geri çağırıb.
Qeyd edək ki, keçmiş məmurların həyat yoldaşına qarşı zorakılıq tətbiqi ilə bağlı cinayət işlərində ittihamlanması ilk fakt deyil. Ötən ilin mayında Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev vətəndaş nikahında yaşadığı Saltanat Nukenovanı qətlə yetirmək, həddindən artıq amansız davranmaq və işgəncə verməkdə ittihamlanaraq 24 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, elə həmin il Atırau məhkəməsi Makat vilayətinin keçmiş akimi Rinat İbrahimovu maddi cəhətdən asılı olan şəxsin sağlamlığına qəsdən orta dərəcədə ağır zərər vurma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Daha sonra müraciətdə Atırau vilayətinin keçmiş meri cərimə ilə əvəzlənib.