Dekabrın 13-ü dost Polşa xalqının yaddaşında heç də xoş olmayan xatirə kimi qalıb. Bu, xalqla o dönəmin kommunist hakimiyyəti arasında yaşayanan, insan itkiləri ilə nəticələnən qarşıdurmanın yaratdığı ab-havadır.
Çox dərinə getmədən, sadəcə hadisəyə aydınlıq gətirmək istərdim. Müharibədən sonrakı onilliklər boyunca kommunist rejimin ölkə xalqının rifahını yaxşılaşdıra bilməməsi, qıtlıq və aclıq, yoxsulluq insanları çözüm yolu axtarışına sövq edirdi. Moskvaya arxalanan yerli hökumətlər isə öz rejimlərini möhkəmləndirməkdə, xalqın çağırışlarını qulaqardına vurmaqdaydılar. 1978-ci ildə Krakov Baş Yepiskopu Roma Papası seçildikdən sonra, artıq xeyli müddətdir milli-dini, mədəni-mənəvi keçmişləri üçün darıxan kütləyə dəstək vermək üçün Polşa kilsəsi irəli çıxdı. 1977-ci ilin sentyabrında İşçilərin Müdafiə Komitəsi adını dəyişdirərək “İctimai Özünümüdafiə Komitəsi” (KSS-KOR) adlandırıldı və təqib olunan əmək qüvvələrini müdafiəsinə başlanıldı. 1980-ci ilin fevral ayında Qdanskda başlayan, daha sonra bütün ölkəyə yayılan tətil dalğasına start verildi. Qdansk, Qdınya və sair tərsanələr hərəkata liderlik etdilər. Qdanskdakı “Azad həmkarlar ittifaqları” şüarı yayılmağa başladı və aksiyalar iyulda - ətin qiyməti fantastik şəkildə yüksələndən sonra daha da genişləndi.

O vaxt işçilər Müəssisələrarası Tətil Komitəsi (MKS) şəklində təşkilatlanaraq, aralarında gələcəkdə çox məşhurlaşacaq və dövləti idarə edəcək Lex Valensanın da olduğu nümayəndələri seçdilər. Ardıyla da tələblərdən ibarət bəyannamə hazırladılar. Bu tələblər arasında etiraz etmə haqqı, azad həmkarlar ittifaqlarının yaradılması və sair əks olunurdu. Amma mövcud hökumət xalqın tələblərinə nəinki qulaq vermədi, əksinə, onlara qarşı hücuma keçdi. Təşkilatın lider nümayəndələrindən bir neçəsi həbs olundu və bununla da xalq hərəkatı daha da gücləndi. Nəticədə Babiuç istefa verdi və Josef Prinkovski baş nazir seçildi. Daha sonra hökumətlə MKS arasında görüşlər başladı və işçilərin tələblərinə dair Qdanskda müqavilə imzalandı. Bu ərəfədə müstəqil həmkarlar təşkilatı və başqa 35 həmkarlar təşkilatının iştirakı ilə "Solidarnost" (“Həmrəylik”) yaradıldı.

1981-ci ildə "Solidarnost"un artan gücüylə hakimiyyətin zəifləyən müqaviməti arasında sürəkli qarşıdurma yarandı. Kilsə "Solidarnost"un içindəki Xristian həmkarlar təşkilatlarına dəstək verdi və silahlı qarşıdurmaların baş verməməsi üçün səy göstərdi. Məsələ ondaydı ki, iqtisadi durum hər tətil aksiyasından sonra daha da pisləşirdi. Bu səbəbdən də müdafiə naziri, general Vojcieç Jaruzelski hakimiyyəti ələ aldı. Vəziyyəti düzəltmək üçün yüksək səviyyəli hakimiyyət təmsilçilərinin bir qismi, partiya və dövlət nümayəndələrini, eləcə də müttəfiqləri olan keçmiş SSRİ, Şərqi Almaniya və Çexoslovakiyanı vəziyyətdən çıxış yolu tapmağa dəvət etdilər. Amma heç bir anlaşma filan olmadı.

Martın 19-da yaşanan polis təxribatının yol açdığı şiddət olayları ölkəni ümummilli aksiyaların meydanına çevirdi. Amma yenə də Kilsənin vasitəçiliyi ilə prosesin qarşısı vaxtında alındı.
Hadisələrin gedişatını dəyişmək istəyən SSRİ rəhbərliyinin sərt açıqlamaları və yeni həmkarlar təşkilatının idarəetməni səriştəsizlikdə ittihamlaması vəziyyəti bir az da qəlizləşdirdi. Jaruzelski 1981-ci ilin oktyabrında PZPR-in birinci katibi seçildi. Üç ay müddətinə ümumi atəşkəsin elan olunmasına dair müraciət rədd olundu. Ordu hökumətə təzyiqlərini artırdıqca, hökumət də öz mövqeyini sərtləşdirirdi. 10 milyon üzvü və yaratdığı coşquya güvənən, amma siyasi baxımdan uğursuz olan, bəzi qrupların təsiri altında qalmış və təxribatçıların sızdığı "Solidarnost" özü də bilmədən qarşıdurmanı alovlandırdı.

Lex Vałensanın mövqeyinə zidd şəkildə, müddətsiz tətil çağırışları dekabrın 12-də vəziyyəti nəzarətdən çıxardı. Bu vaxt artıq ordunun nəzarətində olan hökumət hərəkətə keçdi. 1981-ci il dekabrın 12-dən 13-nə keçən gecə general Jaruzelski ölkədə hərbi vəziyyət elan etdi və buna qarşı aksiyalar başladı. Jaruzelski Hərbi Milli Azadlıq Şurası (WRON) adında ali orqan yaratdı. Bütün həmkarlar təşkilatlarının müvəqqəti olaraq fəaliyyəti dayandırıldı, xəbərlərə çıxış kəsildi, "Solidarnost"un liderləri həbs olundu. Həbs edilmiş Lex Vałensa iqtidarla görüş təkliflərini rədd etdi, minlərlə insan zindanlara atıldı, mətbuat susduruldu, istənilən aksiya, o cümlədən tətillər yasaq eduildi. Amma qəzəblənmiş kütlə qorxmadı - dekabrın 14-də bütün şəhərlərdə, xüsusilə də Baltiksahili bölgələrdə və Sileziyada etiraz aksiyaları keçirdi. O vaxt kütlənin etirazına qarşı güc işlədən polisin açdığı atəşlə 32 nəfər (bəzi mənbələrə görə 100-dən çox) həlak oldu, yüzlərlə insan zindanlara atıldı və ordunun da köməyi ilə xalq hərəkatı susduruldu...
O vaxtdan 40 il ötür. Amma Polşa xalqı öz tarixini unutmur, qəhrəmanları ilə qürur duyur, vətən və xalq yolunda canından keçənlərin xatirəsini yaşadır. 40 ildir pəncərələrdə yanan "Azadlıq işığı" yeni nəsillərə yol göstərir və yeni nəsilə öz keçmişlərindən dərs almaq öyrədilir...