Polşada "Pegasus casus proqramı" qalmaqalı: Komissiya yaradıldı

09:32 15.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Polşanın Baş naziri Donald Tusk, sələfi Mateusz Moraviecki dövründə hökumət rəsmilərini İsrailin kibertəhlükəsizlik şirkəti NSO Group tərəfindən hazırlanmış "Pegasus" casus proqramından qeyri-qanuni istifadə etməkdə ittihamlayıb.

Hafta.az-ın yazdığına görə, Tusk bu haqda prezident Anjey Duda ilə keçirdiyi mətbuat konfransında deyib.

Duda ilə casus proqramın ölkədə geniş şəkildə istifadə edildiyi barədə məlumat paylaşdığını bildirən Tusk, maraqlandığı təqdirdə bütün sənədləri prezidentə təqdim edəcəklərini bildirib.

“Pegasus”un qanuni və qeyri-qanuni olaraq alındığını və istifadə edildiyini təsdiqləyən dəlillərin olduğunu bildirən Tusk, "Təəssüf ki, bu tətbiqlərin qurbanlarının siyahısı çox uzundur" deyib.

Dudanın da dəstəklədiyi keçmiş baş nazir Moravieckinin rəhbərlik etdiyi sağçı Qanun və Ədalət Partiyası hökumətinin “Peqasus”un köməyi ilə bəzi polşalı rəqiblərini hədəfə aldığı iddia edilir.

2023-cü ilin oktyabrında seçkilərdən sonra fəaliyyətə başlayan yeni parlamentdə “Pegasus” casus proqramlarının əvvəlki hökumət rəsmiləri tərəfindən istifadə edildiyi iddialarını araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

İsrailin kibertəhlükəsizlik şirkəti NSO Group tərəfindən hazırlanan “Pegasus” casus proqram təminatının bütün dünyada telefon danışıqlarına qulaq asmaq, səs yazmaq, e-poçtları izləmək və telefonlardan istifadəçilərin icazəsi olmadan fotoşəkil çəkmək kimi casusluq fəaliyyətləri üçün istifadə edildiyi ortaya çıxıb.

İsrailin “Haaretz” qəzetində yer alan xəbərdə Salvador, Fransa, İngiltərə, Polşa, Macarıstan, Hindistan, Qazaxıstan, Ruanda, Mərakeş, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin və İordaniyada çox sayda insanın “Pegasus”la izləndiyi bildirilib.