İranın bir sıra siyasətçi və iqtisadçıları Tehrandakı məşhur Milad qülləsində toplaşaraq İranla Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi yollarını müzakirə ediblər.
Hafta.az-ın İRNA-ya istinadən yazdığına görə, İran - Azərbaycan Dostluq Dərnəyinin rəsmən fəaliyyətə başlaması haqda xəbərin elan edildiyi tədbirdə İran İslam Şurası Məclisi Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Mahmud Abbaszadə başda olmaqla, keçmiş və indiki parlament üzvləri, Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə, İranın Azərbacandakı səfiri Seyid Abbas Musəvi, keçmiş səfir Möhsün Pakayin və başqaları iştirak ediblər.

İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi bildirib ki, bu görüş əslində İranla Azərbaycan arasında əlaqələrin inkişafına kömək edə biləcək hər kəsi bu sahəyə dəvət edən çağırışdır. Onun fikrincə, Azərbaycan İrana digər ölkələrlə müqayisədə daha çox qan, mədəni və tarixi yaxınlıqlarına görə seçilir. Bu səbəbdən də İranın 15 qonşusu arasında Azərbaycanla xüsusi əlaqələri var.
Diplomat deyib ki, ilk gündən Azərbaycanla İranın arasını vurmaq istəyənlər olub və bu gün də onlar öz çirkin əməllərini həyata keçirməkdədirlər. “Hazırda Azərbaycana daha yaxın olmaq üçün nüfuz mübarizəsi gedir. Reallıq budur ki, ətrafımızda heç kim Tehranla Bakı arasında yaxşı münasibətlərin olmasını istəmir” deyən diplomata görə, indiki 13-cü hökumət xarici əlaqələrə böyük diqqət ayırır və bu müstəvidə Azərbaycanın yeri xüsusidir.
Bölgənin bütün siyasi və iqtisadi sferasının ekspertlərinin fikrini əsas tutan diplomat qeyd edib ki, Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında yolların qovuşduğu ərazidə yerləşdiyindən çox böyük geosiyasi strateji mövqeyə malikdir. Amma birbaşa sərhədlərə malik İranın bu ölkəylə iqtisadi əlaqələri potensialdan çox aşağıdır.
Səfir deyib ki, 2021-ci ilin 10 ayının yekunlarına əsasən, Azərbaycan dövlətinin xarici ticarəti 26 milyard dollar olub ki, bunun da 16,7 milyard dolları ixracın, 9,3 milayrd dolları isə idxalın payına düşür. “Bu qədər böyük ticarətdə İranın payı nə qədərdir – çox az. Bu müddətdə İranın Azərbaycana ixracı 350, idxalı isə 26 milyon dollar olub. İndiyədək biz aşağı riskli və təhlükəsiz iş axtarmışıq. Bu məsələnin həll yolu birgə böyük layihələri icra etməkdir. Məncə bu yolla iş adamları böyük milli layihələrə cəlb edilməlidir. İndiyədək hökumətlər səviyyəsində məsələn, su anbarlarının tikintisi layihələri, limanlar, dəmir yolları və ya enerji mübadiləsi kimi işlər görülüb, lakin iki ölkəni və onun xalqını, xüsusən də iş adamlarını birləşdirəcək birgə və daha böyük layihələr həyata keçirilməlidir” deyən səfir əlavə edib ki, ölkəyə daxil olan hər bir dolların böyük əhəmiyyəti var. Bu səbəbdən də kiçik Bəhreyndən Ermənistanadək, hər bir ölkə İran üçün əhəmiyyətlidir, Azərbaycan isə çox əhəmiyyətlidir.

Cənab Musəvi deyib ki, son zamanlar İran - Azərbaycan münasibətlərində xeyli eniş-yoxuşların şahidi olublar. Bunlar iki ölkə arasında yaşanmış sadəcə incikliklərdir və böyük gərginliyə yol açma ehtimalı olmayıb, olacağına da inanmır.
Daha sonra çıxış edən İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin və İranın Naxçıvandakı Baş konsulu Hüseyni də iki ölkə arasında əlaqələrin əhəmiyyətindən danışıblar.
Tədbirə qatılan iranlı sahibkarlar da öz fikirlərini bildirib, təkliflərini səsləndiriblər. Onlara görə, ölkədə kapital sahibləri və real sahibkarlardan ibarət təşkilat yaradılmalıdır ki, lazım olanda öz fikirlərini çatdıra bilsinlər.
Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə bildirib ki, iki ölkə arasında yaxşı əlaqələr var və kimsə bu münasibətlərə zərər vura bilməz. O, Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasında münasibətlərə xüsusi önəm verdiyini qeyd edib və ölkələrarası əlaqələrə şəxsən nəzarət etdiyini nəzərə çatdırıb.
“Ötən il Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycana verdiyi dəstəyə görə, İrana təşəkkür edirik. Hesab edirik ki, İran şirkətlərini işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikinti-yenidənqurma layihələrində iştirakının şahidi olacağıq”, - səfir Əli Əlizadə deyib.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Mahmud Abbaszadə də qeyd edib ki, Tehran bütün ölkələrlə əlaqələrə önəm verir.
“İran - Azərbaycan Dostluq Assosiasiyası qeyri-kommersiya və qeyri-siyasi təşkilat olsa da, onun əsas missiyası iki ölkə xalqları arasında mədəniyyət, incəsənət və media sahələrində ünsiyyət yaratmaq, dostluğun əsaslarını möhkəmləndirmək, eləcə də bu sahə ilə məşğul olan şəxslərin iqtisadi və kommersiya fəaliyyətini asanlaşdırmaq və inkişafına kömək etməkdir”, - deyib cənab Abbaszadə.