Prezidentin son Qonaqkənd səfəri və Quba sakinəri ilə görüşü zamanı Zəngəzur dəhlizi ilə bağlı dediyi fikirlər Ermənistana və onun havadarlarına verilmiş növbəti qəti mesaj kimi dəyərləndirilməlidir. Prezidentin 44 günlük müharibədə səsləndirdiyi “bizə konkret tarix versinlər ki, filan vaxtda rayonlar boşaldılır və biz qayıdırıq” ritorikasının bu gün Zəngəzurla bağlı səslənməsi Azərbaycanın qətiyyətindən xəbər verir.
Bunu hafta.az-a şərh verən siyasi şərhçi Mətin Məmmədli bildirib. O, hesab edir ki, üçtərəfli bəyanatın 9-cu maddəsinə görə, Ermənistan regional kommunikasiyaları açmağı öz üzərinə götürüb.
“Lakin ənənəvi erməni xüsusiyyətinə görə onlar imzaladıqları sənədləri bir qədər sonra təhrif edirlər. Qeyd edirlər ki, sənəddə komunikasiya deyilirsə, yolların açılması nəzərdə tutulur. Bu çıxış erməniyə bir daha “ağıllı ol” mesajıdır”.
M.Məmmədli bildirib ki, həmin 9-cu maddədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin olunması göstərilib. Maneəsiz gediş-gəlişin təmin olunması isə dəhliz hüquqi rejiminə aiddir. Yəni maneəsiz gedib-gəlmək o deməkdir ki, həmin yolda Ermənistanın yuristik siyasəti ola bilməz.
“İndi Ermənistan həmin 9-cu maddəni təhrif etdiyi üçün Azərbaycan Prezidenti də haqlı olaraq çıxışında qeyd edib ki, Ermənistan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir”.