Prezidentin Cəbrayıla səfəri Gürcüstan mətbuatında işıqlandırılıb - FOTO

21:00 06.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan mətbuatı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş Cəbrayıl rayonuna səfərini və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko ilə görüşünü geniş işıqlandırıb.

Hafta.az xəbər verir ki, nüfuzlu “report.ge”, “24news.ge”, “interpress.ge” informasiya portallarında oxuculara Müzəffər Ali Baş Komandanın Cəbrayıl rayonuna səfəri barədə ətraflı məlumat verilib, dövlətimizin başçısını həmin səfər zamanı çıxışlarında ifadə etdiyi fikirlər diqqətə çatdırılıb.

Eyni zamanda, Azərbaycan Prezidentinin Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko ilə görüşdə söylədiyi fikirlər də oxuculara təqdim olunub.

Azərbaycan, gürcü, rus və ingilis dillərində yayımlanan materiallarda ölkəmizin haqlı və ədalətli mövqeyi, beynəlxalq təşkilatlarla əməkdaşlığa verdiyi böyük önəm, işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələr, eləcə də dövlətimizin başçısının Azərbaycan əleyhinə çirkin təbliğat aparan bəzi qüvvələrə sərt cavabı oxucuların nəzərinə çatdırılıb.

Məqalələrdə, həmçinin BMT-nin Azərbaycana dəstəyi xüsusi vurğulanıb.